Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “START-2023” film layihəsi müsabiqəsini təşkil etməsi barədə sizlərə məlumat vermişdik. Müsabiqənin şərtləri də portalımızda dərc edilmişdi. Müsabiqə debüt fiımini çəkən rejissorlar üçün nəzərdə tutulurdu. Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam etmişdi. Qaliblər aprelin 3-də elan edilməli idilər. 15 gün yubadılmaqla bu gün qaliblər hər halda elan olundular.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ümumilildə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilmişdi. Sual olunacaq. Bəs ekspert şurasında kimlər təmsil olunurdu?
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edirdi. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadə idi.
Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib və bu gün onların adları kinosevərlərə və ictimaiyyətə elan edilib. Buyurun, tanış olun:
“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında:
“Özgə ağrı” (Rövşən İsgəndərov);
“Qısametrajlı bədii film layihəsi” kateqoriyasında:
“Erkən hisslər” (Nurlan Həsənli),
“Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç);
“Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında:
“Balıq” (Fuad Quliyev),
“Sonuncu lələk” (Firəngiz Bağırova).
Qeyd edək ki, yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələr üzrə filmlərin çəkilməsi nəzərdə tutulur.
Müsabiqə ilə bağlı “Ədəbiyyat və incəsənət” portalı “Şahdağfilm” kinostudiyaaının baş prodüsseri İlqar Mehdinin rəyini alıb. İlqar Mehdi söyləyib: “Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə görə “Azərbaycanfilm” sadəcə alıqşlanmalıdır. 3 kateqoriya üzrə - tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri üzrə müsabiqənin keçirilməsi onun əhatə dairəsinin genişliyindən xəbər verir. Əsas nominasiyada Rövşən İsgəndərovun qalib gəlməsi təqdirəlayiqdir. Çünki bu gənc rejissor artıq sənətdə ad eləyə bilib. Qısametrajlı filmi ilə mükafat qazanan Tahir Tahiroviçi isə artıq ölkənkn kino kuluarlarında uğurlu rejissor kimi tanıyırlar.”
Şəkildə: Ekspert Şurası
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)