Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Əməkdar incəsənət xadimi, kinorejissor Musa Bağırovun yaradıcılığına həsr olunub.
Dövlət Film Fondunun məlumatına görə, tədbiri Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Musa Bağırovun yaradıcılığından və onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi xidmətlərindən, eyni zamanda, 1981-ci ildə lentə aldığı “Belə bir kənd var” filminin qəhrəmanı, Ağdamın Xındırıstan kəndinin inkişafında böyük xidmətləri olmuş İldırım Cəfərovun fəaliyyətindən danışıb.
Sonra rejissor M.Bağırovun “Belə bir kənd var” və “Divlər sarayı” sənədli filmləri nümayiş olunub.
Nümayişdən sonra rejissor Musa Bağırovun ailə üzvləri adından Ziya Seyidbəyli, həmçinin İldırım Cəfərovun ailə üzvləri adından Bəhram Şükürov və Aybəniz Cəfərova çıxış edərək, filmin çəkiliş qrupuna və nümayişin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)