Həm rejissorluq etdi, həm obraz canlandırdı Featured

Səməd Vurğun adına Rus Dram Teatrı “Rusiyada görüşlər - Baltiya evi” festivalında çıxış edib

 

Rusiyanın şimal paytaztı Sankt-Peterburqda 

“Rusiyada görüşlər - Baltiya evi” adlı XXV beynəlxalq teatr festivalı davam edir. Özü də Azərbaycanın təmsilçiliyi ilə. 

Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları festivalın tamaşaçılarına M.Lermontovun "Maskarad" əsəri əsasında tamaşa təqdim ediblər. Rejissoru Aleksandr Şarovski olan bu tamaşa rəğbətlə qarşılanıb. Xatırladaq ki, "Maskarad" əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə tamaşaya qoyulan əsərdir. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski tamaşanın rejissoru olmaqla yanaşı, bu tamaşada Arbenin obrazını canlandırıb.

 

“Ədəbiyyat və incəsənət” portalı festivalın rəsmi internet saytına istinadən xəbər verir ki, aprelin 7-də açılan və aprelin 16-dək davam edəcək builki festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdən aparıcı kollektivlər iştirak edirlər.

Festival çərçivəsində çərşənbə axşamı Rus teatrı xaricdə rus mədəniyyəti institutu kimi” adlı IV Beynəlxalq konfrans keçirilib. 

Tədbirdə MDB ölkələrindən rus teatrlarının bədii rəhbərləri və baş rejissorları iştirak ediblər. 

Festival həm ən yaxşı tamaşaları təqdim edir, həm də rusdilli teatr incəsənətinin aktual məsələlərinin müzakirəsi üçün peşəkar diskussiya məkanıdır.

Bundan başqa, tamaşaların müzakirələri, ustad dərsləri, yaradıcılıq görüşləri planlaşdırılıb. Tədbirin yubileyi ərəfəsində “İyirmi beş il birlikdə” adlı MDB dövlətlərinin rus teatrlarının tamaşalarının fotosərgisi açılacaq, iştirakçı teatrların iyirmi beş il ərzində yaratdıqları ən maraqlı quruluşlar barədə məlumat veriləcək.

O ki qaldı bizimkilərə, tamaşadan dərhal sonra teatrın kollektivi mətbuat konfransı keçirib. Konfransda Rus Dram Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti Aleksandr Şarovski 95 illik sənət tarixçəsi olan Azərbaycan Dövlət Rus Dram Teatrı haqqında Sankt-Peterburqun teatr ictimaiyyətinə ətraflı məlumat verib. 

Bu gün Fazil İskəndər adına Suxumi dövlət teatrının “Sofiçka” tamaşası nümayiş olunacaq. Sevgi süjeti üzərindən kişiliyə, insanlığa, xeyirxahlığa diqqət yönəldən “Sofiçka” romanı Fazil İskəndərin ən gözəl romanıdır. 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə xatırladır ki, “Rusiyada görüşlər - Baltiya evi” festivalı 1991-ci ildən keçirilir. Müstəqil Rusiya tarixində ilk hər iı keçirilən beynəlxalq teatr festivalı hesab olunur. 

Bu festivalda Rimas Timinas, Lyuk Perseval, Kristian Lüpa, Robert Sturua, Yeji Yarotski, Kama Ginkas kimi Avropa teatr rejissorluğunun ünlü nümayəndələri iştirak ediblər.

Ukraynaya təcavüzkar müharibəsinə görə boykot olunması səbəbindən bu il festivala yalnız MDB məkanından qatılıblar.

 

Şəkillərdə: A.Şarovski; Tamaşadan səhnə

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.