Aprelin 5-də Nizami Kino Mərkəzində “Rusiya kinosu günləri”nin təntənəli açılışı olub. Burada dörd yeni Rusiya tammetrajlı kinofilmi nümayiş olunacaq.
Bakıdakı Rus Evinin məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov giriş nitqində deyib: “Azərbaycanda Rusiya kinosu günləri son dəfə koronavirus pandemiyasından öncə keçirilib. Rusiya kinosu yenidən burada nümayiş olunur. Rusiyada müxtəlif janrlarda bir çox filmlər çəkilir, kinofestivallar keçirilir, kinematoqrafa böyük diqqət yetirilir.
Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov qeyd edib ki, hər il həm Azərbaycanda, həm də Rusiyada müxtəlif mədəni tədbirlər keçirilir.
Bakıdakı Rus Evinin (RİMM) rəhbəri İrek Zinnurov vurğulayıb ki, Azərbaycan və Rusiya arasında münasibətlərin kökləri dərin keçmişə gedir, bu layihənin həyata keçirilməsi üçün təşkilatçılara təşəkkür edib.
Festival rejissor Aleksey Pimanovun çəkdiyi “On bir səssiz adam” filminin nümayişi ilə açılıb. Film Moskvanın məşhur "Dinamo" komandasından bəhs edir. Təxminən 77 il əvvəl idmançılar İngiltərə Futbol Assosiasiyasından cəlbedici təklif alıblar. Beləliklə, onlar Londonda Britaniya klubları ilə yoldaşlıq oyunları keçirmək imkanı əldə ediblər.
Qeyd edək ki, Rusiya kinosu günləri çərçivəsində "Suvorov: Böyük səyahət", "Liberiya: xəzinə ovçuları" və "1941. Berlin üzərində qanadlar" filmləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)