Və ağlasığmaz gəmi qəzaları, korsarların oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər… Featured

“Korsar”ın Bakı premyerası olduqca uğurlu alındı

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə dünyaca məşhur bir baletin premyerası təqdim olunub. Belə ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.

Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Və mütləq qeyd edək ki, “Korsar” baletinin müəllifi Adolf Adan baleti ərsəyə gətirərkən dünyaşöhrətli Cüzeppe Verdinin eyniadlı operasından illama gəlib. Balet və opera isə məşhur ingilis şairi Corc Bayronun eyniadlı poeması əsasında yazılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, baletin müəllifi Adolf Adan 1803-cü ildə Fransanın paytaxtı Paris şəhərində doğulub. Romantizm dövrünün fransız bəstəkarı çoxsaylı operaların, baletlərin, operettaların müəlifidir. Onun əsərləri dünyanın ən məşhur teatr səhnələrinin repertuarına daxil edilib.

İndi isə baleti ərsəyə gətirənlər barədə: Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.

Baletin süjetində tamaşaçı sevgisi qazanmaq üçün hər şey var: ağlasığmaz gəmi qəzaları, piratların tarixi, oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər… Bunlardan başqa al-əlvan kostyumların şərq koloriti, ekzotik rəqslər, klassikanın təntənəli hormoniyası… Və elə bu səbəblərdəndir ki, balet 150 ilə yaxındır ki, dünya repertuarında yer almaqdadır. 

Və ən nəhayət, baş rolun ifaçısı Ayan Eyvazovadan (şəkildə) danışaq. Ayan Azərbaycan balet sənətini beynəlxalq miqyasda uğurla təmsil edir. Polad Bül-büloğlunun "Eşq və ölüm", L.Minkusun "Paxita", P.Çaykovskinin "Qu gölü", A.Adanın "Jizel" baletlərində müxtəlif rollar ifa edib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. “Korsar” isə Ayanın növbəti uğurlu işidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.