Fəvvarələr Meydanında bizi məyusluq gözləyirmiş… Featured

Musiqili Teatr “Premyeralar paradı” təqdim edəcək

 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları növbəti ekspress-sorğunu Fəvvarələr Bağında keçirdilər, “Axırıncı dəfə nə zaman teatra getmisiniz və getmisinizsə, baxdığımız tamaşa hansı olub” sualını verdilər. Nəticə acınacaqlı oldu. 25 nəfərdən cəmi 2-si teatrda olduğunu bildirdi. Onun da birini heç hesaba almaq da istəmirik. 42 yaşlı çilingər Abuzər Əliyev uşaq vaxtı məktəbdən Azdrama aparıldığını və orada hansısa qaldırıcı kran sürən oğlanla qızın sevgisindən bəhs edən tamaşaya baxdığını bildirdi. 

Milli Qeyri Hökümət Təşkilatları Forumunun  prezidenti Rauf Zeyni isə əsl teatrsevər imiş. O, M-teatrin bir tamaşasını belə buraxmadığını qeyd edərək dərhal bizi martın 3-də M-teatrın “Məhşər günü” tamaşasına baxmağa dəvət etdi. 

 

Əziz həmvətənlilərimiz. Bizim tetarlarımız min bir əziyyətlə ortaya gözəl tamaşalar qoyurlar. Niyə axı teatra getməyək? Gəlin Rauf bəyin dəvəti ilə bu gün M-teatra baş çəkək. Gələn həftə isə muzkomediya teatrına baş çəkək. Niyə? Çünki orada möhtəşəm teatr paradı gözlənilir. İndi də təfsilat:

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı milli teatrımızın yaranmasının 150 illiyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcək. 

Layihə çərçivəsində təqdim olunacaq bu tamaşalar mart ayının 8-də və 11-də "Nəğməmə inan" (rus dilində), 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Tamaşalar axşam saat 19:00-da başlayacaq. 

Xatırladaq ki, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. 

Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

Sizə nə qalır? Tamaşaya getmək. İnanın ki, peşiman olmayacaqsınız. 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.