Sirk rəsmiləri son 20 ilin ən unikal proqramından bəhs edirlər
Kim desə ki, sirk uşaqlar üçündür, kökündən yanılır. Sirk hamı üçündür. Və hansı şəhərdə daimi sirk varsa onun əhalisi bəxtəvər sayılır, çünki onlar şapitoya, kabareyə möhtac qalmır. Və bəndəniz - “Ədəbiyyat və incəsənət”in bu yazını hazırlayan əməkdaşı Bakı sirkində əsəcək rüzgar barədə eşidəndə çox sevindi və elə sabah özünü ilk tamaşaya çatdırmaq barədə qərar verdi.
İndi də keçək təfsilata. Nə olacaq, necə olacaa? Bakı Dövlət Sirki yaz mövsümü üçün “DZİVA” sirk şousunun nümayişinə sabah start verir. Bu şounun təşkilatçısı Monte Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur.
Proqramda Monte Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları - Oleq fon Suvoroff və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edəcək.
Bundan başqa, uçuş gimnastlarının kollektiv qeyri-adi fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi maraq qatacaq.
Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsi də xüsusi maraqla qarşılanacaq.
Qeyd edək ki, proqram ilk olaraq valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub. Kütləvi baxış isə sabahdan etibarən reallaşacaq, aprel ayının 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçılar şoudan feyziyab ola biləcəklər.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.
Haydı, hamı sirkə!
Şəkildə: Pavel Rujilo bilyard şarları ilə məşhur tryukunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)