Qərbi Azərbaycan. Yağı taptağında qalan əzəli torpaqlarımız. Ən aktual mövzumuz.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Qərbi Azərbaycanı yaşadan qocaman sənət ocağı – İrəvan Dövlət Azərbaycan Teatrı” məqaləsini təqdim edirik.
Tarixi gerçəkliyə görə, o taylı-bu taylı Azərbaycanımızın ərazisi Cənubi Qafqazın ən böyük sahələrindən birini əhatə edir. Əhalinin sayına görə isə ciddi fərqlənir. Təəssüflər olsun ki, tarixin müxtəlif dövrlərində, müxtəlif güc sahiblərinin qərəzli dəstəyi nəticəsində ərazilərimiz parça-parça bölünüb, başqa millətlərin əlinə keçib. Ancaq həmin ərazilərdəki toponimlərimizin adlarını yüz illərdir dəyişdirməyə çalışsalar da, yenə də buna tam nail ola bilməyiblər. Çünki, bir tərəfdən dəyişdirməyə çalışırlar, digər tərəfdən isə tarixi abidələrimiz dəyişdirilən adların yanında öz varlıqları ilə həqiqətləri yaşadırlar. Belə abidələrdən biri də qədim sənət ocağımız olan İrəvan Azərbaycan Teatrıdır ki, dəfələrlə erməni qəsbkarları tərəfindən məhv edilməyə çalışılsa da, xalqımızın nüfuzlu övladlarının hünəri ilə yaşayır. Yaşadıqca, özü ilə bütövlükdə Azərbaycanımızın böyük ərazisini – Qərbi Azərbaycanı da yaşadır. Qərbi azərbaycanlılar isə qədim torpaqlarımızın, İrəvan başda olmaqla bütün Qərbi Azərbaycanın aborigen milləti olaraq, canlı həqiqətləridir.
Bu həqiqətlər fonunda möhtərəm Prezidentimiz İlham Əliyevin tutduğu və getdiyi yol bizə onu göstərir ki, gün oyanış günü, zaman dirçəliş zamanıdır. Biz kəhər atlarımızı öz dədə-baba torpaqlarımızın ucsuz-bucaqsız ormanlarında sərhəd tanımadan çapacağıq.
Xalqımızın haqqının öz həqiqətinə qovuşması üçün mücadilə dövrünün başlanğıcı 2020-ci il sentyabr ayının 27-də qoyuldu. 44 gün ərzində Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz İlham Əliyevin qüdrəti ilə qalibiyyətimizin ilk mərhələsini uğurla keçdik. Növbəti mərhələlərin isə təməli qoyuldu. Hər şeyin bir zamana ehtiyacı olduğunu İkinci Qarabağ savaşı sübuta yetirdi. Prezidentimiz özü nə gözəl ifadə etmişdir: “Nəyin nə zaman olacağını mən bilirəm!”. Bu fikir onu isbat edir ki, dünyanın siyasət düzənini Azərbaycan Prezidenti ovuc içi kimi görür. Ona görə də, Prezidentimizin dedikləri xalqımız üçün dəyərli olduğu qədər də, qanundur. Bizim görəvimiz, bütün varlığımızla Prezidentimizin atdığı addımların izi ilə getməkdir. Yalnız belə olan halda mənzilimizə vara biləcəyimizi yaxşı dərk etməliyik və dərk edirik. Xalqımızı doğma Qarabağımıza qovuşdurduqdan sonra, milli strategiyaya daha geniş nəzərlərlə baxan və növbəti istiqamətin Qərbi Azərbaycanımıza doğru yönəldiyini cəsarətlə bəyan edən qəhrəman Sərkərdəmizin çıxdığı yolla irəliləmək, böyük “köç”ün öndərinə bayraq tutmaq boynumuzun borcudur. Bu borcu qocaman sənət ocağımız İrəvan Azərbaycan Teatrı daha dərindən anlayır və öz repertuarında daim bu yola sənət işığı tutmağa çalışır.
Çağdaş fəaliyyətinin prioriteti olan Vətən, dövlət, xalq, millət yanğısı bu qocaman sənət ocağının əsas qayəsidir. İstər ölkəmizdə, istərsə də xarici səfərlərində dönə-dönə prioritet hesab etdiyi mövzular çərçivəsində azərbaycançılıq ideyasını, Qarabağ həqiqətlərini, irəvançılıq məfkurəsini geniş surətdə, sənətin ecazkar dili vasitəsi ilə təbliğ və təlqin edir. İrəvana qayıtmaq eşqi ilə yaşadığını, öz doğma yurduna dönənə qədər mübarizə aparacağını dönə-dönə dilə gətirir! Qərbi Azərbaycanı hazırda özündə daha çox ehtiva edən İrəvan Azərbaycan Teatrı varlığı və yaratdığı sənət nümunələri ilə Qərbi Azərbaycan həqiqətlərini yaşadır və gələcəyə daşıyır.
Əsl tarixi 1600-cü illərə qədər gedib çıxan İrəvan Teatrının Sərdar Sarayında oynadığı, sözlə yanaşı, musiqi, rəqs, ifaçılıq janrları ilə zəngin olan, adı bizə naməlum qalan tamaşası, 1673-cü ildə İrəvana gələn fransız səyyahı Jan Şardeni elə valeh etmişdir ki, o, tamaşanı əminliklə Qərbin operalarına bənzətmişdir. İrəvan diyarını və ətraf bölgələri gəzən, dərindən araşdırmalar aparan Şarden onu da yazmışdır ki, İrəvanda cəmisi bir-iki erməni dükanı var, o da, axşamüstü qapanır. Türklərin isə evinin, mülkünün sayının-hesabının olmadığını, apardığı qeydlərində əks etdirir. Bu da o deməkdir ki, İrəvanda yaşayan azərbaycanlı türklər aborigen xalqdır, ermənilər isə özünə başqa xalqların ərazilərində yaşayış yeri axtaran, yersiz-yurdsuzlardır.
Faktların, yəni qəzet materiallarının verdiyi məlumata görə peşəkar fəaliyyəti 1882-ci ilə aid edilən, həmin dövrlərdə kasıb tələbələrə kömək məqsədilə ikinci dəfə oynadığı, yerli müəllif Məşədi İsmayılın “Tamahkarlıq düşmən qazanar” tamaşası ilə tarixiləşən İrəvan Azərbaycan Teatrı elmi axtarışlara iz buraxır. Əslində, bu izlə onun gerçək tarixini müəyyənləşdirmək və üzə çıxarmaq çox vacib şərtlərdəndir. Unutmaq lazım deyil ki, bu qocaman sənət ocağı Qərbi Azərbaycanda mədəni mühitin formalaşmasında, maarifçiliyin pərvəriş tapmasında, inkişaf və intibah etməsində həmişə xüsusi rol oynamışdır. Bu sənət məbədində görkəmli şəxsiyyətlər çalışmış, yaratmış, Azərbaycanın ən sanballı teatrlarına inteqrasiya etmişlər.
Görkəmli simalar F.Köçərli, M.C.Məmmədquluzadə, İ.Dağıstanlı, Ə.Zeynalov, Ə.Əliyeva, K.Qubuşov. M.Nuriyev, Y.Nuri, A.Tağıyev, B.Qələndərli və s. bir çox sənətkarlar İrəvan Teatrına əmək vermiş, bu teatrın ənənələrini yaşatmış, eyni zamanda, bu teatrın sənət nümunələrindən bəhrələnmişlər.
Teatrın kollektivi erməni vandallarının soyqırımı faciəsini dəfələrlə yaşamışdır. 1905-ci və 1918-ci illər qırğınlarında öz dədə-baba yurdundan didərgin salınmış, Cənubi Azərbaycana pənah aparmış, orada fəaliyyətini səngitməmişdir. 1920-ci ildə öz yurduna dönən teatrın dinamik fəaliyyəti 1928-ci ildə ona dövlət statusunu qazandırmışdır. 1935-ci ildə teatra ölməz dramaturqumuz Cəfər Cabbarlının adı verilmişdir. İkinci Dünya müharibəsi illərində Ermənistan adlandırılan respublikada ən məhsuldar teatr olaraq fərqlənmişdir. Bunu görən erməni millətçi-faşistlər teatrı 1951-ci ildə tamamilə qapatmışdılar. Qapadılmasına rəğmən xalq teatrı statusunda da olsa, bu əzmkar, prinsipial sənət ocağının fədailəri fəaliyyətlərini dayandırmamış, yeni-yeni səhnə əsərlərinə həyat vermişlər. 1967-ci ildə Azərbaycanın böyük ziyalılarının və yerli təəssübkeşlərin səyi ilə teatr yenidən bərpa olunaraq öz dövlət statusuna qovuşmuşdur.
Teatrın dövlət statusu almasının 50 illiyi münasibətilə 1978-ci ildə keçirilən yubiley tədbirləri, o vaxtlar teatra rəhbərlik etmiş görkəmli şair-dramaturq, teatr xadimi Hidayətin rəhbərliyi ilə həm İrəvanda, həm də Bakıda qeyd olunmuşdur. Heç şübhəsiz ki, bütün bu tədbirlərin belə miqyas alması məhz Ulu Öndərimiz Heydər Əliyevin milli konsepsiyası hüdudlarında həyata keçirilirdi. Məhz ona görə də, yubiley münasibətilə kollektivin bir neçə üzvü Azərbaycanın fəxri adları və ali diplomları ilə təltif olundular. Bu teatrın üzərindən öz qayğısını və diqqətini heç zaman çəkməyən Ümummilli Liderimiz Heydər Əliyevin nəzərləri ömrünün son günlərinə qədər İrəvan Teatrının üzərində oldu.
Teatr 1989-cu ildə erməni şovinist qüvvələrinin qaniçən siyasəti sayəsində İrəvandan zorla Azərbaycana göndərildi. Azərbaycanda o zamanlar rəhbərlikdə olan fəhmsizlərin diqqətsizliyi ucbatından bir müddət pərən-pərən düşdülər. Lakin həmin illərdə Akademik Milli Dram Teatrında sərəncamçı direktor vəzifəsində çalışan Ədalət Vəliyevin təəssübkeş dəstəyi sayəsində Akademik Milli Dram Teatrının nəzdində “Teatr-studiya” qismində yenidən bir araya toplandılar və fəaliyyətlərinə davam etdilər. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan bir il sonra, 1994-cü ilin dekabr ayında verilən Sərəncamla yenidən dövlət statusu özünə qaytarılmaqla, öz peşəkar fəaliyyətini davam etdirdi. Tədbirlərin birində sənət ocağımızın fəaliyyətindən söhbət açan Heydər Əliyev, teatrın keçdiyi tarixi yol barədə öz xoş sözlərini ifadə edərkən, “117 yaşlı teatrı qorumaq lazımdır!”, – deyə öz strateji tövsiyəsini əsirgəmədi. Bu tövsiyəyə uyğun olaraq, bu gün də, dövlətimizin qayğıları ilə əhatələnən İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan sənət məkanında əzmlə fəaliyyətini davam etdirir. Şahidəm ki, heç bir zaman Ulu Öndərimizin teatrımız haqqındakı mövqeyini unutmayan bu qocaman sənət ocağı etimadların doğruldulması üçün durmadan, layiqincə çalışır. Bu çalışmaları diqqətdən kənarda qoymayan, böyük Heydər Əliyev ideyalarını və milli məfkurəsini daim yaşadan Prezident İlham Əliyev də, bütün ağır problemlərin həlli istiqamətində durmadan çalışdığı bir zamanda İrəvan Teatrının fəaliyyətini diqqətdə saxlayır və yüksək dəyərləndirir. 2007-ci ildə teatrımızın 125 illiyi dövlət səviyyəsində həm Azərbaycanda, həm də qardaş Türkiyə Cümhuriyyətində təntənəli şəkildə qeyd olunub. Həmin ərəfədə kollektivimizin bir neçə üzvü fəxri adlarla təltif edilib və elə bu yubiley münasibətilə Binəqədi rayonu ərazisində yerləşən böyük bir sarayla təmin olunmuşuq. Ölkə başçısının imzaladığı müvafiq Sərəncamla həmin binada əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, teatrımızın 140-illiyinin dövlət səviyyəsində qeyd olunmasına dair bu ilin iyul ayının 14-də imzalanmış ali Sərəncam və s. sadalandıqca bitməyən digər hadisələr məhz yüksək qayğının göstəriciləridir.
Bu günlərdə “Qərbi Azərbaycan İcması”na göstərilən Prezident münasibəti ümumən azərbaycançılıq ideyasının ən bariz nümunəsidir. Həmin quruma strateji yanaşma, təmin edildiyi binanın rəmzi simvolu da məhz İlham Əliyevin milli təəssübkeşlik ideyasının ən parlaq göstəricisidir. Biz – İrəvan Teatrının kollektivi bu siyasi gedişin, strateji yolun, Vətən, torpaq, yurd, el-oba təəssübünün bundan böyük bir nümunəsini təsəvvür etmirik və bütün varlığımızla, ruhumuzla İlham Əliyev ideyaları uğrunda canımız, qanımız və sənət imkanlarımız hesabına dönmədən çalışacağıq! Çünki, bizim ən doğru, ən nurlu yolumuz bu yoldur!
Uğurlu yolda, mənzilimizə yetənə qədər bir yumruq ətrafında öz həmrəyliyimiz və birliyimizlə əzmlə çalışacaq, yolun davamını səngimədən gələcəyə daşımaq üçün üzərimizə düşən yükü aparmaqdan çəkinməyəcəyik!
Şəkillərdə: Pənah xanın İrəvandakı evi, teatr tamaşaları burada oynanılırdı; Teatrın kollektivi 1982-ci ildə.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)