Ülviyyə Heydərova: “Əminəm ki, bu gün ustadımın da ruhu şad oldu”

 

Kino Məktəbinin tələbələrinə ötən gün diplomlar təqdim olundu

 

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ad günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Kino Məktəbinin təntənəli buraxılış gecəsi keçirilib.

13 tələbəyə (rejissor, ssenarist, animasiya rejissoru kursları üzrə) diplomlar təqdim olunub. 

Diplomları Azərbaycan Kinematoqrafçılar İttifaqın sədri Rasim Balayev, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, Məktəbin rəhbəri Oleq Səfərəliyev təqdim ediblər.

 

Ssenarist Ülviyyə Heydərova “Ədəbiyyat və incəsənət”lə sevincini belə bölüşüb: “Azərbaycan Kinematoqrafçılar İttifaqının Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində bu gün buraxılış gecəsi oldu. Ötən il elə ustadın iştirakı ilə təntənəli gecə olacaqdı. Amma qismət olmadı. Bu gün Rüstəm müəllimin doğum günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı gecə təşkil elədi. Kino Məktəbinin 13 tələbəsinə diplomlar təqdim olundu. Nə xoşbəxt mənə ki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində "Kinodramaturgiya" ixtisası üzrə elə ustad Rüstəm İbrahimbəyovun özündən dərs almışam. Bu gün təntənəli gecədə ssenaristlərə diplomu elə Rüstəm müəllimin dostu, silahdaşı Xalq yazıçısı Anar təqdim elədi. Tarixi günü, həyatımda unudulmaz günlərdən birini yaşadım bu gün. İstəyirəm sizinlə bölüşəm. Əminəm ki, bu gün ustadımın da ruhu şad oldu.”

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.