Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Xalq artisti Siyavuş Aslandan 28.05.1998 tarixində götürülmüş müsahibə.
“FƏXRİ ADLARI ÇOX VAXT LAYİQ OLMAYAN ADAMLARA VERİRLƏR”
Xalq artisti Səyavuş Aslanla dəniz kənarında Elçinin “Mənim sevimli dəlim” əsərinə daxili baxışın sabahı günü görüşdük. Axşam isə həmin tamaşanın premyerası idi. Həmişə qəzetlərdən qaçan, müsahibələrdən imtina edən Səyavuş Aslan bu tamaşada qəzetçi, baş redaktor rolunu oynayırdı.
- Səyavuş müəllim, hamı “ov”, “yev” familiyası ilə çıxış etdiyi bir vaxtdan siz Səyavuş Aslan kimi tanınırdınız. Bu orijinallıq nədən irəli gəlirdi?
- O vaxtlar Rəfiq Zəka Xəndan bizim teatra ədəbi hissə müdiri gəlmişdi. Belə təxəllüs götürməyi mənə o məsləhət gördü. “Pasportstolda” işləyən adam yaxın qohumum idi. Ona görə familiyimı dəyişə bildim. Yoxsa o vaxtlar bu o qədər də asan məsələ deyildi.
- Siz uzun müddət Musiqili Komediya Teatrında Nəsibə Zeynalova və Hacıbaba Bağırovla birlikdə işləmisiniz. Onlarla bağlı nə kimi xatirələriniz var?
- Bir dəfə Naxçıvanın Şahbuz rayonuna qastrola getmişdik. Nəsibə xanım da, Hacıbaba da, mən də dükan xəstəsi idik. Adətimiz üzrə getdik bir dükana. Nəsibə xanım bir “platya” götürdü, Hacıbaba bir pencək aldı, mən ha vurnuxdum, gördüm ki, xoşuma gələn heç nə yoxdur, birdən satıcı qıza qayıtdım ki, sizdə şinyon var? Satıcı da kənd yerində böyümüş qız, haradan bilsin ki şinyon nədi? Gördüm gözlərini döyə-döyə üzümə baxır, əl atdım Hacıbabanın şinyonuna, dartıb qopardım, qoydum qızın qabağına, vitrinin üstünə. Hacıbabanın ağappaq başını görən qız elə bildi ki, onun dərisini qoparmışam, bu il ölmüsən, bildir, getdi özündən... İndi həkim dalınca qaçan kim, su gətirən kim, aləm qarışdı bir-birinə.
- Niyə belə elədiniz ki?
- Hacıbabanın adəti idi, qızlara xoş gəlmək istəyirdi. Ona görə şinyon taxırdı. Gördüm ki, mağazada işləyən qızla göz-qaş edir. Şinyonu onun başından qəsdlə qopardım. Bu hadisədən sonra o, şinyon qoymağın daşını birdəfəlik atdı.
- Bəs, siz özünüz qızlara necə münasibət bəsləmisiniz?
- Mən qızlara qarşı çox ciddi olmuşam. Heç kimə “povod” verməmişəm. Namaz qılan, hacı adamam.
- Aktyorun, özü də sovet dövründə tərbiyə və təhsil almış aktyorun dinə qayıdışı çox ciddi məsələdir. Yəqin ki, buna hansısa daxili mənəvi silkələnmə səbəb olub.
- Hacıbabanı sənətə mən gətirmişəm, məni dinə gətirən isə Əlabbas Qədirov olub.
- Gəlin, bu tezisin birinci hissəsini açıqlayaq; Hacıbabanı sənətə gətirməyiniz necə olub?
- Günlərin bir günü “Vətən” kinoteatrının qabağından keçirdim. Gördüm Hacıbaba keçmiş arvadı Leyla xanım, oğlu və qızı ilə gedir. Soruşdum ki, indi harada işləyirsən? Dedi, heç yerdə işləmirəm. Mən Əjdər Sultanovun dram dərnəyində hazırlanmış “Durna” tamaşasında Hacıbabanı Dursun rolunda görmüşdüm və istedadlı bir aktyor kimi yadımda qalmışdı. Məsləhət gördüm ki, gəl Musiqili komediya teatrına. Dedi ki, mənim səsim yoxdur, axı, orada necə işləyə bilərəm? Səs o qədər də vacib deyil, dedim. Gətirdim onu teatrımızın o vaxtkı direktoru Şəmsi Bədəlbəylinin yanına. Onun ilk rolu Hacı Kərimin “Aya səyahətin”də Ay adamı oldu. “Özümüz bilərik” də onu mənə dublyor verdilər. Hər ikimiz İbişovu oynayırdıq. İndi qəzetlərə verdiyi müsahibələrdə deyir ki, məni teatra Şəmsi Bədəlbəyli gətirib. Bir dəfə dedim ki, səni teatra mən gətirmişəm, axı. Dedi, yadımdan çıxmışdı.
- Bəs, Əlabbas Qədirovun sizi dinə gətirməyi necə olub?
- Mənə özümü daxilən rahat hiss etmək, mənən təmizlənmək üçün namaz qılmağı o məsləhət görüb. Əvvəllər çətin idi, sözləri yadda saxlaya bilmir, zəng vurub, Əlabbasdan soruşurdum. Sonra o məni özü ilə birlikdə Məşhədə apardı, sonra Kərbəlaya, sonra isə Həcc ziyarətinə getdim. Bu yolu tutmaqda mənə ürək-dirək verən Əlabbas oldu.
- Siz aktyorsunuz, səhnədə istər-istəməz şəriət ehkamlarına zidd olan hərəkətlər etməli olursunuz. Namaz qılmaqla bunlar bir araya necə sığır?
- Səhnə mənim sənət həyatımla bağlıdır. Bunların bir-birinə dəxli yoxdur. Başqa hacılar kimi mən nə araq içirəm, nə də çəkirəm.
- İçki məclislərində Məşədi İbad vəziyyətində qalmırsınızmı?
- Ən yaxşı vəziyyət elə Məşədi İbad vəziyyətidir. Məşədi İbaddan yaxşı kişi var idi o məclisdə? Mən də dostların qəlbini qırmamaq üçün məclislərə gedirəm. Ancaq içməyənlər üçün ayrıca stol qoyurlar, orada otururam.
- Gənclik, şöhrət, dövlət - bunlardan hansını seçərdiniz?
- Gəncliyimi pis keçirməmişəm, şöhrət də qazanmışam. Bu yaşda dövlət istəyərdim.
- Varlı deyilsinizsə, bəs, Sahibkarlar
Partiyasına üzv olmağınız nə ilə bağlıdır?
- Sahibkarlıq fəaliyyətinə təzə başlamışam. Yeri gəlmişkən, bizim partiyanı istəməyənlər arada cəhd göstərdilər ki, partiya haqqında ölkə Prezidentində yanlış təsəvvür yaratsınlar. Ancaq buna nail ola bilmədilər. Hazırda Sahibkarlar Partiyası Prezidentin ən çox hörmət göstərdiyi partiyalardan biridir. Heydər Əliyevin bu günlərdə partiyamızın sədri Mahmud Məmmədovu qəbul etməsi də bunu sübut edir.
- 70-ci illər Azərbaycan teatrının iki ən məşhur komediya ustası Hacıbaba Bağırov və siz idiniz. Siz onu teatra gətirsəniz də etiraf edərsiniz ki, Hacıbaba Bağırov sizdən daha populyar idi. Amma bu gün hamı bu fikirdədir ki, guya o, yerində sayır, öz-özünü təqlid edir, siz isə inkişaf edib, irəli gedirsiniz. Ümumiyyətlə, 50 yaşdan sonra aktyorun yerində sayması fikrinə münasibətiniz necədir?
- Əgər kim 50 yaşdan sonra yerində sayırsa, demək, o, sənətə təsadüfən gəlib. Həqiqi aktyor mənim aləmimdə heç vaxt yerində saymamalıdır. Aktyorluq Allah vergisidir. Allah vergisi isə hüdud tanımır.
- Əgər elədirsə, niyə komik rollar hüdudundan kənara çıxmırsınız?
- Məncə, aktyorda amplua olmamalıdır. Mən Salamov rolunda Mirzəğa Əliyevi görmüşəm. O öləndən sonra rolu verdilər Ələsgər Ələkbərova. Otello, Vaqif, Fərhad, Cavanşir və birdən-birə Salamov. Amma Ələsgər Ələkbərov Salamovu elə oynadı ki, tamaşaçılar lərzəyə gəldi. Mənim komik rollar oynamağım uzun müddət Musiqili Komediya Teatrında işləməyimlə bağlıdır. Elə Milli Teatra gəlməkdə məqsədim də başqa profilə keçmək istəyimlə bağlı olub. İstəyirdim ki, Şekspirin, Ostrovskinin, Qoqolun əsərlərində oynayım.
- Nə əcəb, öz teatrınızı yaratmaq fikrinə düşməmisiniz?
- Yeni yaranan teatrlar müvəqqəti şeylərdir. Mən bu teatrların əleyhinəyəm. Belə teatrları yaradanlar beş-on cavanı başlarına yığıb özlərini göstərirlər. Çünki cavanların içində nəzərə çarpmaq daha asandır. Mən güclü partnyorlarla işləməyə daha üstünlük verirəm. Bir də heç dövlət teatrlarını maaşla təmin etmək olmur. Təzə teatr yaratmağa nə ehtiyac var?
- Bu günlərdə bir çox aktyorlara fəxri adlar verildi. Bu adlara münasibətiniz necədir?
- Çox da yaxşı deyil. Bəzən elə adamlara ad verirlər ki, mən öz adımdan imtina etmək istəyirəm. Bir də görürsən ki, cavan bir aktyora ad verilir. Özünü səninlə bərabər tutmağa başlayır. Adları çox zaman layiq olmayan adamlara verirlər.
- Aktyorlarda bəzi qəribəliklər olur...
- Aktyorluq sənət xəstəliyidir. Maaş vaxtında verilmir, ac-yalavac rol oynamalısan. Bundan böyük qəribəlik...
- Bu, hamıya aid, ümumi söz oldu.
- Mənim tez-tez özümdən küsməyim var. Elə məclislər olur ki, ürəklə oturduğum yerdə, birdən başqalarına əhəmiyyətsiz görünən bir şey qəlbimə dəyir, dinməzcə durub gedirəm. Başqalarının götürdüyü çox şeyi mən götürə bilmirəm.
- Ürəyinizdə qalan rol varmı?
- Var, amma demirəm, oynasam, nə vaxtsa qismət olar, siz də bilərsiniz. Qismət olmasa, bu istəyim özümlə gedəcək.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- Qrimimi götürərdim. Yəqin orada da teatr olacaq, qrimə ehtiyac duyulacaq.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)