Tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyinin qeyd ediləcəyinin anonsunu vermişdik. Yibiley qeyd edildi.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda gerçəkləşən yubiley tədbirini giriş sözü ilə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq tanınmış rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Cəmil Quliyev M. Pənahinin “Bulud niyə ağlayır?”, “Pıspısa xanım və Siçan bəy”, “Dınqıl, sazım, dınqıl” və s. filmlərin yaradılmasında əməyini xüsusi vurğuladı. Qeyd etdi ki, rejissor uzun illərdir öz fəaliyyətini Almaniyada davam etdirir.
Sonra Məsud Pənahi ilə onlayn formatda canlı bağlantı yaradıldı və o, yubiley tədbirinin təşkil olunmasına görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkürünü bildirdi.
Tədbirdə animasiya filmləri rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov “Azərbaycanfilm” kinostudiyasının nəzdində animasiya studiyasının formalaşdırılmasından və bu prosesdə Məsud Pənahinin fəal iştirakından bəhs etdi. Onun Azərbaycanda animasiya sahəsinə bir çox yeniliklər gətirməsi, 1970-ci illərdə kinostudiyada xüsusi animasiya kursları təşkil etməsi barədə söhbət açdı.
Çıxış edən digər natiqlər və ailə üzvləri Məsud Pənahinin yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Tədbirin sonunda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə...” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirildi.
Bəli, sənət fədailəri əsla unudulmur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)