ATV-də gedən “Bir qadın” serialı kifayət qədər maraqla izlənilir. Tamaşaçı sevgisi qazanan aktrisalardan biri də Sona Babayevadır. “ATV səhər” proqramı Sona Babayevanın evində olaraq ondan müsahibə götürüb. 81 yaşlı aktrisa başına gələn zillətləri tamaşaçılarla bölüşüb.
Onun danışdıqlarını dinlədikcə həyatın necə də keşməkeşli olması anlamına gəlirsən. Sona Babayeva danışır:
“Bütün həyatım gözümün önündədir. Atam müharibədə (2-ci dünya müharibəsi - red.) yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim.
Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan gizli oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım”.
S.Babayevanın ailə həyatı da acı olub, həyat yoldaşı ona aktrisa rəfiqəsi ilə xəyanət edib:
“Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin həyat yoldaşım naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq ərim mənə onunla xəyanət etdi. Boşandıq. Bundan sonra hər kəsə deyirdim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum”.
İndi Sona Babayevanın yeganə təsəllisi səhnə həyatı, çəkiliş meydançalarıdır. “Bir qadın”dakı uğuru onu bir az da həvəsləndirib.
Qapaq şəklində: Sona Babayeva “ATV səhər” proqramında.
Şəkillərdə: Aktrisanın gənclik fotoşəkli; O, “Bir qadın” teleserialında.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)