Azərbaycanlı snayper haqqında əcbəbilər film çəkib

Həqiqətən maraqlı xəbərdir. İkinci Dünya müharibəsində Azərbaycan xalqı Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov kimi kişi qəhrəmanlarla fəxr etdiyi kimi, snayper olaraq ad çıxarmış Ziba Qəniyeva kimi qadın qəhrəmanla da fəxr edib. Əfsus ki, bu ad günümüzdə heç də populyar deyil. 

 

Ziba Qəniyeva əslən Şamaxı rayonundandır. 1923-cü ildə Özbəkistanın Gülistan şəhərində doğulub. 1937-ci ildə valideynləri repressiyaya məruz qalıblar. Sənətə böyük marağı olan Ziba Daşkəndə gedərək Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsində məşğul olmağa başlayıb. 1940-cı ildə Moskvaya gedib və Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. 

1941-ci ildə müharibənin başlaması onun sənət arzularını yarımçıq qoyub. Ziba tibb bacısı peşəsini öyrənib, hospitalda çalışıb. Sonra ön cəbhə sevdasına düşüb, qısamüddətli atıcılıq kurslarına yazılıb. 1941-ci il noyabrın 7-də Moskvada, Qızıl meydanda keçirilən paradda iştirak edib və oradan birbaşa cəbhəyə yollanıb. 

Ziba Qəniyevanın cəbhədəki hünəri, snayperlik bacarığı həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olub. Tanınmış yazıçı Boris Polevoy onun haqqında "Pravda" qəzetində iri bir məqalə də yazıb. Ziba 129 faşist məhv edən snayper kimi şöhrət qazanmışdı...

Müharibədən sonra Moskvada yaşayan Ziba Qəniyeva azərbaycanlı sənətçilərlə, o cümlədən məşhur rəssam Tahir Salahovla dostluq edib. Tahir Salahov Ziba Qəniyevanın portretini çəkdikdən sonra heykəltaraş Cəlal Qaryağdı "Snayper Ziba Qəniyeva" adlı əsər də yaradıb.

Ziba Qəniyeva uzun ömür sürüb, 2010-cu ildə 87 yaşında Moskvada vəfat edib.

Bu cür qəhrəmanın Azərbaycanda təbliğ edilməməsi, haqqında səthi məlumatların getməsi əlbəttə bizim ən zəif tərəfimizdir.

Qeyd etdik ki, azərbaycanlı Ziba Özbəkistanda doğulub. Və özbəklər bizdən fərqli olaraq Zibaya yiyə durublar. “Özbəkfilm” kinostudiyası “Belarusfilm” kinostudiyası ilə birgə Ziba haqqında film  çəkiblər.  Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. 

 

Şəkillərdə: Filmdən fraqment; Ziba Qəniyevanın arxiv fotosu. 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.0223)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.