Opera və Balet teatrında yenidən “Leyli və Məcnun” canlanacaq Featured

115 ildir ki, səhnəmizə yaraşıq verən bir şedevr barədə xəbərimiz var. Yanvarın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenidən təqdim olunacaq. 

Hüseynqulu Sarabski (Məcnun) və Ə. Fərəcov (Leyli) ilk dəfə bu misilsiz tamaşada rol aldıqdan sonra Zeynəb Xanlarova və Arif Babayev, Nəzakət Məmmədova və Baba Mirzəyev, Elnarə Abdullayeva və Mirələm Mirələmov, Arzu Əliyeva və Mənsum İbrahimov ürəkləri riqqətə gətirən ifa ilə bu tamaşanı milyonların sevimlisinə çeviriblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə tamaşaçılar baş rollarda yenidən Arzu Əliyeva ilə Mənsum İbrahimovu görəcəklər. 

Beləliklə, rollarda:
Leyli - Arzu Əliyeva (Azərbaycan Respublikasının Əməkdar Artisti)
Məcnun - Mənsum İbrahimov (Xalq artisti)
Nofəl - Cahangir Qurbanov (Əməkdar artist)
İbn Salam -Təyyar Bayramov (Əməkdar artist)
Leylinin anası - Aytən Məhərrəmova
Leylinin atası - Rza Xosrovzadə
Məcnunun atası - Mütəllim Dəmirov
Məcnunun anası - Afaq Ağayeva
Zeyd - Nəzər Bəylərov
Şeyx - Vüqar Əliyev
Şeyx - Rafiq Abbasov

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

 

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur. 3 saat 10 dəqiqə çəkəcək tamaşanın qısa məzmununu nəzərinizə çatdırırıq:

 

Birinci pərdə

 

Birinci şəkil. 

Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.

Məktəb yoldaşları onları bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşındırmağa çalı­şır, söz verirlər ki, Leylini ona alsınlar.

 

İkinci şəkil. 

Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.

Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.

Başqa bır qəbilə başçısı -İbn-Salam Leyliyə elçiliyə gəlir və “hə” cavabı alır. Leyli fəryad qo­parıb, taleyindən şikayətlənir.

 

İkinci pərdə

 

Üçüncü şəkil. 

Leylini İbn-Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ət­rafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəmmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab Məcnunu adamlardan uzaqlaşmağa, baş götürüb səh­ralara qaçmağa məcbur edir.

 

Dördüncü şəkil. 

Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl ad­lı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna al­mağı vəd edir. Savaş baş tutur. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, daha gecdir, Leyli İbn- Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.

 

Üçüncü pərdə

 

Beşinci şəkil. 

Hicran derdi Leylini üzüb ölüm yatağına salıb. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məc­nuna olan eşqi onun qəlbində sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, Məcnunun xəyalı yanıqlı sözlərlə Leyli­nin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər gö­rən Leyli öz canını təslim edir.

 

Altıncı şəkil. 

Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvanr ki, onu yarın məzarına aparsın.

Leylinin qəbri üstündə o acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qo­vuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Şəkildə: Arzu Əliyeva ilə Mənsum İbrahimovun Leylisi və Məcnunu. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.