Dekabrın 15-də Nizami Kino Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə “Tanınmış simalarla virtual tur” filminin təqdimatı olub.
Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən layihədə muzeyin tarixi, orada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı adət-ənənələrdən bəhs olunur. Filmin rejissoru Mübariz Nağıyevdir.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru, eyni zamanda, filmin ssenari müəllifi Şirin Məlikova nümayişdən öncə jurnalistlərə müsahibəsində deyib: “Muzeyin daha əlçatan olması üçün bölgələrdəki ziyarətçiləri nəzərə alıb film formatında virtual tur hazırlamağı və sonradan onu televiziya vasitəsilə yayımlamağı düşündük. Filmdə tanınmış diktorlar, muzeyin aparıcı bələdçiləri Azərbaycanın zəngin milli-mədəni irsi barədə dolğun məlumat verir. Layihənin maraqlı alınması üçün filmə tanınmış aktyorlar, musiqiçilər də dəvət olunub. Film üç hissədən ibarətdir. Ümid edirik “Tanınmış simalarla virtual tur” layihəsi muzeyimizdə olmayan, lakin onu görmək arzusunda olan ziyarətçilərin, əsasən də gənc xalçaçı rəssamların diqqətini çəkəcək”.
Sonra film nümayiş olunub. Filmdə məşhur televiziya aparıcıları Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Dilarə Səlim, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim ediblər.
Qeyd edək ki, muzeyin yutub səhifəsində yerləşdirilən film surdo-tərcümə ilə müşayiət olunur. Bu layihə respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)