Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilmiş “Xurşidbanu Natəvan” tamaşasının premyerası baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dövlət sifarişi ilə hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz) Kazım Abdullayev (Canişin), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Elnar Qarayev (Mamayı), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Cavidan Novruz (Nəvvab), Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak ediblər.
Keçək tamaşanın mövzusuna. İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb. Xüsusi olaraq səhnə əsərinin ecazkar musiqisini də qeyd edək.
“Ədəbiyyat və incəsənət”
(05.12.2022)