1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan Füzuli sakinlərini nümayiş etdirir. Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir.
Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə 2022-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə təqdim olunur.
“Ədəbiyyat və incəsənıt” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupunun, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun, Balans Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında Cinema Plus kinotearında ssenarist və rejissor Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı baş tutub.
1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir.
Filmin leytmotivində Torpağa olan münasibətdən bəhs edilir... Müəllifin fikirincə, biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə biz onun hətta bir ovucunu da olsa qoruyanda hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır!
Vahid Mustafayev, çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək, 1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə nümayiş etdirir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə ləğv olunub. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar? Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi? Bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.
Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri, habelə Füzuli ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)