“Ədəbiyyat və incəsənət” portalının reportajı
Paytaxtın “Mariott Abşeron” otelində Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi-bədii televiziya filmi layihəsinin və tizerinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, təqdimatda
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, kino xadimləri, biznes strukturları rəhbərləri, iş adamları və media təmsilçiləri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, qarşıda duran planlardan bəhs edib.
Sonra “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu mədəniyyət naziri Anar Kərimovu təqdim edib və görüşdə iştirakına görə minnətdarlığını bildirib.
Dəvətə görə təşəkkür edən Anar Kərimov deyib ki, hər bir xalqın qürur duyduğu sahələrdən biri onun mədəniyyətidir. Çünki mədəniyyət xalqların dəyərlərini, adət-ənənələrini, kimliyini göstərir: “Biz də, sözsüz ki, qədim və zəngin mədəniyyətimizlə fəxr edirik. Buna görə də mədəniyyətimizin daha da inkişafı, gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni etməliyik”.
Nazirliyin mədəniyyətə strateji baxışları haqqında məlumat verən Anar Kərimov bildirib ki, niyyətimiz mədəniyyətin davamlığını qorumaq, mədəniyyəti həyat tərzimizin ayrılmaz və zəruri parçası kimi təşviq etmək, eyni zamanda, onu müstəqilliyimizin bir təzahürü olaraq inkişaf etdirməkdir: “Biz, həmçinin mədəniyyətin iqtisadi inkişafa töhfəsini də artırmaq istəyirik. Nazirlik azərbaycanlı kimliyini ucaldan, xalqımızı mənəvi baxımdan zənginləşdirən, yaradıcılığı və innovasiyanı təşviq edən bir mədəniyyət yaratmağa çalışır. Bunu reallaşdırmaq üçün konkret addımlar atmalıyıq. Burada bizim üçün ən önəmli beş fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlər şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması, effektivliyin artırılması və rəqəmsallaşdırmanın aparılmasıdır. Mədəniyyət Nazirliyi özündə 5 minə yaxın müəssisə birləşdirir. Bu müəssisələrdə 45 minə yaxın insan çalışır. Bu sistemə şəffaflığın gətirilməsi, idarəetmənin təkmilləşdirilməsi və effektivliyin artırılması ən vacib məsələlərdən biridir”.
Cari ildə tarix-mədəniyyət abidələrinin qorunması və qeydiyyatı haqqında söz açan nazir bildirib ki, bu ilin ilk on ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonalarının layihələndirilməsi aparılıb. Bu addımlar həm də abidələrə kənar müdaxilənin qarşısının alınması məqsədilə atılır: Son iki ildə abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiya müşahidə olunur.
Anar Kərimov, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətini canlandıracaq innovativ əyləncələr layihəsi haqqında da məlumat verib, kino sahəsində, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası istiqamətində nazirlik tərəfindən görülən və görüləcək işlərdən danışıb. Nazir bu sahələrə dövlət-özəl sektor tərəfdaşlığının önəmli töhfə verə biləcəyini də diqqətə çatdırıb. Və təbii ki, nazir “Atabəylər: Şəmsəddin Eldəniz” layihəsindən də geniş bəhs edib.
Sonra “AmCham Azərbaycan”ın rəhbərliyi tərəfindən nazirə xatirə hədiyyəsi təqdim olunub.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədov Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” haqqında daha geniş məlumat verib. Söyləyib ki, serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi mənzərəsi ilə yanaşı, elmi və mədəni mühitini təmsil edən şəxsiyyətlərin obrazı canlandırılacaq: “Çalışmışıq ki, şanlı tariximizi mükəmməl şəkildə ekranlaşdıraq. Gələcək nəsillər bu filmə baxıb tariximizlə fəxr eləsinlər”.
Elnar Məmmədov layihənin ideya müəllifi Sərvər Bayramovu səhnəyə dəvət edib, auditoriyaya təqdim edib.
Daha sonra “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin treyleri nümayiş etdirilib.
Sonda “Amcham Azərbaycan”ın birinci vitse-prezidenti İlqar Mehdi və qurumun Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə İşçi qrupunun sədri Aysel Süleymanova çıxış edərək film haqqında fikirlərini bölüşüblər. Azərbaycandakı Ukrayna Ticarət Evinin direktoru Əlibala Məhərrəmzadə özəl sektora - kino industriyasına investisiya qoyulmasının faydalarından söz açıb, tədbir iştirakçılarını Azərbaycan üçün bu önəmli layihədə iştiraka dəvət edib.
Treyler çəkilişlərini həyata keçirən Türkiyə kinematoqrafçıları, treylerdə rol alan aktyor heyəti, ssenari qrupunin rəhbəri, yazıçı Varis də səhnəyə dəvət ediliblər.
Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi status alacaq “Atabəylər: Şəmsəddin Eldəniz” filmi Azərbaycan tarixinə dövlət quruculuğu nailiyyətləri, hərbi zəfərlər və mədəni intibah dövrü kimi düşmüş 12-ci əsrdəki hadisələrə iki böyük tarixi şəxsiyyətin – Atabəy Şəmsəddin Eldəniz və Möminə Xatunun həyat hekayətləri fonunda ekran səciyyəsi verəcək. Birinci mövsüm filmin 24 seriyasının tamaşaçılara çatrırılması nəzərdə tutulur. Növbəti mövsümlərdə “Turan yoluna doğan günəş” adlanacaq daha 24 bölümdə Atabəylər dövlətinin digər tarixi simalarının - Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın hakimiyyəti dövrləri əhatə ediləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin hazırlıq mərhələsi artıq başa çatıb, filmin tizeri çəkilib.
Çoxseriyalı televiziya filmi həm birbaşa tarixi faktlar əsasında, həm də filmi tamaşaçıya daha da maraqlı çatdırmaq üçün yaradıcı heyətin bədii təxəyyülü üzrə ekranlaşdırılacaq.
Hazırlıq mərhələsinə bir çox tarix, mədəniyyət, ədəbiyyat və dilçilik mütəxəssisləri məsləhətçi qismində cəlb olunublar, Orta əsrlərin dil üslubu və ədəbi mühiti, sosial-mədəni həyatı barədə geniş araşdırmalar aparılıb, Ssenari qrupu 600 000 sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanıb. Siyasi debatlar, döyüş səhnələri, sui-qəsdlər, xristian missionerlərinin fitnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər film boyu bir-birini izləyəcək. Bir sözlə, çox baxımlı və dinamik bir ssenari ərsəyə gətirilib. Filmin aktyor heyətinə gəlincə, olduqca tanınmış və sevilən aktyorların yer alacağını söyəmək olar.
Türkiyə Radio Televiziya Qurumu (TRT) və AzTV telekanalı ilə ilkin razılaşma əsasında çoxseriyalı televiziya filmlərinin çəkilişi üçün formalaşdırılan yeni prodakşn - “Şahdağfilm”-in peşəkar kino işçilərindən ibarət yaradıcı heyəti treninqlər üçün qardaş ölkədə olub. "Bozdağ Film" və “Akli Film" kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarla təcrübə mübadiləsi aparılıb. Türkiyə tərəfin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün razılaşma əldə olunub.
Hazırkı dövrdə bu filmin çəkilməsi və həyata vəsiqə almasının xüsusi əhəmiyyətini də ayrıca qeyd etmək istəyərdik. Hazırda Azərbaycan dövləti və xalqı tarixinin ən məsuliyyətli dövrünə qədəm qoyub. 44 günlük müharibədəki qalibiyyət ölkəmizdə həm ictimai-siyasi, həm mədəni intibah yaratmaqdadır. "Dəmir yumruq" ideologiyası bizi tariximizin qəhrəmanlıq səhifələrini daha əzmlə vərəqləməyə, vətənpərvərlik hislərini dərindən oyatmağa, gənc nəslin qürurlanması üçün böyük zəminlər hazırlamağa sövq edir.
Ümumiyyətlə, zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.
Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda, qeyd etdiyimiz kimi, 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, onun idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda Atabəylər dövləti multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir.
Müxtəlif feodal dövlətlərinin vahid hakimiyyət altında birləşdirilməsi, həmin dövrdə yaşamış tarixi şəxsiyyətlərin obrazlarının təqdimatı, bir sözlə, dövlətçilik yollarında baş vermiş tarixi, dini, lirik, dramatik, diplomatik, siyasi və mədəni hadisələri çoxseriyalı televiziya filmində ekrana gətirmək əsas hədəfdir.
Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz və Möminə Xatundan başqa dahi mütəfəkkir Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları da təqdim olunacaq, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılacaq, doğma tariximizin parlaq və keşməkeşli səhifələrinə ayna tutulacaq.
Ekran işinin çəkilişi üçün Azərbaycanın əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən və bu məqsədlə yeni qurulacaq pavilyonlardan istifadə ediləcək. Pavilyonlarda erkən orta əsrlərə aid şəhərlər əks olunacaq. Gəncə, Naxçıvan, Beyləqan, Kutais, Təbriz, Dərbənd, Həmədan, Şamaxı şəhərləri, eləcə də Ələmut qalası, Zəngəzur və Qarabağ obası quraşdırılacaq. Şəhərlərdə saraylar, evlər, bazarlar, meydanlar, məscid və mədrəsələr, qalalar, habelə çadırlardan ibarət olacaq digər obalar da mütəxəssislərin köməyi ilə tam həmin dövrə - 12-ci əsrə aid tarixi mənbələrdəki əkslərinə uyğunlaşdırılacaq. Yeri gəlmişkən, Mədəniyyət Nazirliyinin təəşəbbüsü olaraq filmin çəkilişi boyu inşa ediləcək pavilyonların sonradan muzey-parklar kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur.
Bir sözlə, ortaya çox gərgin və məsuliyyətli hazırlıq prosesi keçmiş, böyük resurslar cəlb edilmiş və kifayət zədər peşəkarlıqla hazırlanmış zəngin bir layihə qoyulur.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)