Noyabrın 23-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub.
Təqdim edilən sənədli filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.
Təqdimatda ssenari müəllifi Faiq İsmayılov film haqqında məlumat verərək, ekran əsərində danışılan məscidin tarixindən, həmçinin erməni vandallığına məruz qalmasından bəhs edib. Bildirib ki, Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidi qala - şəhərin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir: “Məscid həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Məscidin texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana daşınıb. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub və kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb”.
Yuxarı Gövhər ağa məscidi haqqında hazırlanmış sənədli film barədə danışan F.İsmayılov qeyd edib ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib: “Bu mütəxəssislər içərisində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə də var idi. O, bu filmi Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə edilməsindən ötrü müvafiq komissiyalara göndərəcəyini vurğulayıb”.
Filmi yüksək qiymətləndirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov filmin dünya ictimaiyyətini tarixi faktlarla məlumatlandırmaq nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu vurğulayıb: “Sənədli filmdə mövzu dərindən araşdırılaraq, qəbir abidlərinə qarşı vandalizm də diqqətə çatdırılır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır. Nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazırıq”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər Ağa məscidinin erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşadığını vurğulayıb. Bildirib ki, ermənilərin işğal zamanı bu abidəyə qarşı törətdikləri vandalizmə rəğmən tikili ayaq üstə qala bilib.
Sonda “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli film nümayiş olunub və seyrçilər tərəfindən müsbət qarşılanıb.
Fotolar: AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət” (24.11.2022)