Bakı Bələdiyyə Teatrının 30 illiyi təntənə ilə qeyd edilib

 

Ötən gün Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirib. Təqdimat premyera ilə xüsusən zənginləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xalq yazıçıları Anar, Elçin, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdıraraq, nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim edib. O, deyib: “30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda, dünya ölkələrində təbliğ edən teatrın repertuarında Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilib”.

Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov İttifaqın sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaq tərəfindən Bakı Bələdiyyə Teatrının aktyorlarına mükafatlar təqdim edib. Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verilib. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova çatdıraraq, AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyi münasibətilə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsərini təqdim edib. 

Həmçinin digər çıxış edənlər də teatrın yubiley təbriklərinə qatılıblar. 

Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik videorolikin təqdimatından sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi, eyni zamanda, Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına uzun illər boyu müsibətlər gəlməsinə baxmayaraq, ölkəmiz bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb. General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən səhnə əsərində Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.