Bu gün XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında mükafatlandırılma mərasimi keçiriləcək Featured

 

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 11-də Nizami Kino Mərkəzində açılışı keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) bu gün yekun vurulacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivalın dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması, “Azprint” şirkəti, “Oskar prodakşn”, “Bimtek” və “Özsüt” şirkətləri də yer alır.

BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyevin festival haqqında məlumatına nəzər salsaq görərik ki, festivala 79 ölkədən (Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Ukrayna, Misir, İran, Qırğızıstan, Çin, Cənubi Koreya və s.) 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışırlar.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, festival çərçivəsində kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr etməkdədirlər. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri kinonun mədəniyyətin vacib sahələrindən olduğunu söyləyib: “Bu gün festivalın açılışına toplaşdığımız məkana nəzər yetirəndə zalda boş yer olmadığını görürük. Bu da onu deməyə imkan verir ki, kino yaşayır”.

Diqqətə çatdırılıb ki, beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından “FOCAL”-ın “Avantı” proqramının qalibi, müasir kinomuzun məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, tanınmış şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

Builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı da nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri kino tənqidçisi Aliyə Dadaşova, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışır. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.

“Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş etdiriləcək.

Kinosevərlər ötən festivalların qalib filmlərindən biri “Bir ata haqqında” sənədli filmini, “Ən yaxşı rejissor” nominasiyasının qalibi “Çarpayı”, “Şaxta” və “Təbii seçim” filmlərini böyük maraqla seyr ediblər.

Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçirilib.

Qeyd etdiyimiz kimi, festivalın filmləri bu günədək Nizami Kino Mərkəzində nümayiş olunub. 

Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi bu gün Nizami Kino Mərkəzində olacaq.

Kann, Venesiya, Berlin film festivallarında mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən BBQFF hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.