Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şuşa İli" və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən "Xarıbülbül əfsanəsi" sənədli filmi çəkilib,
Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda çıxış edən İsveçdəki Azərbaycan diasporunun üzvü, sənədli film mütəxəssisi, ekran işinin prodüseri Rahim Sadıqbəyli 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə görə müzəffər Ordumuza və Ali Baş Komandana təşəkkürünü bildirib. Deyib ki, M.Silkeberq ötən il Zəfərimizin birinci ildönümündə Şuşa, Füzuli və Ağdamda olub, ermənilərin törətdiyi vandalizmi fotoobyektivin yaddaşına köçürüb. Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirliyinin təşəbbüsü ilə Stokholmda həmin fotoların sərgisi təşkil olunub: “Sərgidən sonra isə biz filmi ərsəyə gətirdik. Ekran işi həmçinin İsveçin İctimai kanalı ilə nümayiş etdirildi. Filmin ərsəyə gəlməsində dəstək olan təşkilatlara və bu gün M.Silkeberqin və mənim Bakıya gəlişimi təşkil edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.
Mədəniyyət Nazirliyi İnteraktiv və audiovizual media şöbəsinin müdiri Rüfət Həsənov Vətən müharibəsi və Şuşaya həsr olunan filmlərdən söz açıb. Bildirib ki, nazirlik Vətən müharibəsi mövzusunda 30-a yaxın layihə reallaşdırıb. Bu günlərdə Xalq artisti Vaqif Mustafayevin bu mövzuda çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi II Dədə Qorqud Türk Dünyası Film Festivalında “ən yaxşı rejissor işi” nominasiyasının qalibi olub. Həmçinin nazirlik Bakı Media Mərkəzi və İctimai Televiziya ilə birgə filmlər ərsəyə gətirib və hər biri böyük maraqla qarşılanıb: “Bu gün təqdim olunan film də işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdış" konsepsiyası baxımından böyük önəm daşıyır. Önəmlisi həm də odur ki, film azərbaycanlı rejissorun deyil, xarici kino adamının baxışı ilə təqdim olunur. Biz bu filmdə öz dahilərimizi bir xarici vətəndaşın gözü ilə görəcəyik”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Emil Əhmədov “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimat mərasiminin Azərbaycan xalqı üçün əlamətdar bir dövrə – Şuşa şəhərinin azad edilməsinin və şanlı Zəfərimizin ikinci ildönümünə təsadüf etdiyini bildirib, yaradıcı heyətə təbriklərini çatdırıb. Bildirib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb: “Ümid edirəm ki, “Xarıbülbül əfsanəsi” filmi gözəl Şuşamızın, onun ədəbi və mədəni tarixinin beynəlxalq səviyyədə daha yaxşı tanıdılmasına öz töhfəsini verəcək”.
Rejissor Mikael Silkeberq çıxışında Azərbaycanda olmağından məmnunluğunu ifadə edib, ölkəmizi Şərqlə Qərbin kəsişdiyi mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırıb. “Şuşa Şərq və Qərbi birləşdirən mədəniyyət məkanıdır” deyən rejissor filmin ərsəyə gəlməsinə dəstək olanlara və təqdimata qatılanlara minnətdarlığını bildirib.
Çıxışlardan sonra film nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.