Hələ də evdə onun yolunu gözləyirlər… Featured

 

Ötən gün Nizami Kino Mərkəzində qələbəlik idi. Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəliyinin təşkilati dəstəyi ilə və “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin himayədarlığı ilə çəkilmiş və Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin qala gecəsi keçirilirdi. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti başçıları, məmutlar, gənclər, məktəblilər, incəsənət, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. 

 

“Ədəbiyyat və invəsənət” portalı xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova övlad itkisinin çox ağır olduğunu, lakin Muxtarla qürur duyduqlarını deyiblər. Muxtarın 27 illik ömrünə həm idmanda nailiyyətlər, həm də şəhidlik kimi əlçatmaz zirvəni sığışdırdığını bildirən şəhidin valideynləri onun şərəfli həyat yolunun gənclərə örnək olduğunu qeyd ediblər. Övladlarının xatirəsinə çəkilən filmdə əziyyəti keçən hər kəsə minnətdarlıq bildirən valideynlər Vətənə layiqli övlad yetişdirilməsi üçün qəhrəmanların tanıdılmasının vacibliyini vurğulayıblar. 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbə qazandığını, neçə-neçə qəhrəman oğulların ərazi bütövlüyümüzün bərpası uğrunda canından, qanından keçdiyini qeyd edib. Şəhidliyin ən ali zirvə olduğunu bildirən Adil Əliyev Muxtar kimi qəhrəmanların sayəsində Azərbaycan xalqının dünyada başının uca olduğunu, tənələrdən, iradlardan qurtulduğunu vurğulayıb.

Adil Əliyev Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu sahəsinin  yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu da Qələbəni şərtləndirən amillərdən biri olub.

Adil Əliyev çıxışının sonunda Azərbaycanda şəhid ailələri və qazilərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, xalqımızın öz qəhrəmanlarını hər zaman dərin ehtiram və hörmətlə yad etdiyini deyib. 

Qala gecədə çıxış edən gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Muxtar Qasımlı dəfələrlə yarışlarda iştirak edərək bir sıra mükafatlara layiq görülüb. Bildirilib ki, Muxtar Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb və fitnes müəllimi kimi gənclərin fiziki tərbiyəsi ilə məşğul olub. O, Vətən müharibəsində neçə-neçə idmançının iştirak etdiyini, onların fiziki gücünün şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir etdiyini deyib. 

"Şəhid idmançıların xatirəsinə yarışlar, turnirlər təşkil olunur, onların qəhrəmanlığı yetişən nəsilə, gənclərə aşılanır. Sevindirici haldır ki, azyaşlılar Muxtar Qasımlı kimi qəhrəmanları özlərinə örnək götürərək sağlam həyat tərzi vərdişlərinə yiyələnir, böyük həvəslə idmanla məşğul olurlar. Odur ki, bu cür tədbirlərin davamlı olmasını diləyir, Gənclər və İdman Nazirliyi olaraq belə təşəbbüslərə dəstək olduğumuzu bildiririk", - deyə Fərid Qayıbov fikirlərinə yekun vurub.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun şəhid əməkdaşı Muxtar Qasımlının mehriban, ünsiyyətcil, gülərüz biri olduğunu, kollektiv arasında xüsusi hörmət qazandığını qeyd edib: "Vətən müharibəsində "AzerGold" QSC-nin iki əməkdaşı ən uca zirvəni fəth etdi. Hər səhər işə gələndə şəhid əməkdaşlarımız Muxtar Qasımlı və Rauf Əsgərlinin xatirə lövhəsinin qarşısından keçir, onları salamlayaraq işə başlayırıq. Biz fəxr edirik ki, elə qəhrəmanlarla çiyin-çiyinə çalışmışıq. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların şücaətini gələcək nəsillərə ötürmək hər birimizin vəfa borcudur".

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri vətənpərvər musiqi nümunələri təqdim ediblər. Xüsusən Şəmistan Əlizamanlının “Cənab Leytenant” mahnısı böyük alqışlar qazanıb.

Sonra "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş etdirilib. Filmdə şəhidin ailə üzvləri, yaxın dostları, müəllimləri, döyüş yoldaşlarının onunla bağlı xatirələri, o cümlədən şəhidin müxtəlif vaxtlarda çəkilən şəkil və videoları yer alıb.

Şəhidin ailə üzvləri filmin ərsəyə gəlməsinə və övladlarının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib, xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Mollayevdit. 

Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Film bitəndən sonra əməkdaşımlz fəxri qonaq kimi qala gecəyə dəvət edilən yazıçı Varisdən filmlə bağlı təəssüratını alıb. Varis qeyd edib ki, şəhidlərimiz barədə ən gözəl filmlər və ən gözəl romanlar zaman keçdikcə ərsəyə gələcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.