Söhbət Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri əsasında qoyulan tamaşadan gedir
Azərbaycan Film Akademiyasında Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dramaturqun iştirakı ilə təqdim olunan tamaşa Azərbaycanda ilkdir. Musiqili və plastik həllərlə qurulan səhnə əsərinin özəlliklərindən biri odur ki, aktyorlar bütün tamaşanı gözləri bağlı şəkildə oynayıblar. İkinci özəlliyi ondadır ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Film Akademiyasının tələbəsi Nicat Əkrəmdir və onun 16 yaşı var. Tamaşa boyu aktyorların gözləri tam bağlı olub. Öncədən qurulmuş mizanlara, səs istiqamətinə və hisslərə əsasən tamaşanı tam peşəkar şəkildə nümayiş etdiriblər.
Səhnə əsərində rolları Azərbaycan Film Akademiyasının aktyorları Nicat Əkrəm, Tamilla Həsənova, Tural Bünyadzadə, Nərmin Əhməd, Anar Əli, Həlimə Həsənli, Günel Məmmədli, Ləman Pərvizli, Rauf Muxtarov canlandırıblar. Azərbaycan Film Akademiyasının qurucu rəhbəri Zaur Tahirsoy deyib: “Bu sadəcə 9 aylıq düzgün və müasir aktyorluq dərslərinin nəticəsidir. Azərbaycan kino və teatr sahəsini axsadan əsas amillərdən biri də komanda işidir. Bu gün kino tədrisi proqramına müasir təhsil metodu ilə yanaşı, komanda işini də əlavə etmişik. Nəticəsi də göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan Film Akademiyası yeni tədris metodikası ilə qısa zamanda effektli metodlarla aktyor sənəti ilə yanaşı, kinonun bütün istiqamətləri üzrə gənc kadrlar hazırlayır. Azərbaycan Film Akademiyasının nəzdində fəaliyyət göstərən Postmodern Aktyorluq Məktəbi 1 illik fəaliyyətini yaxın zamanda tamamlamasına baxmayaraq 3 tammetrajlı bədii film onlarla qısametrajlı film və əlliyə yaxın teatr tamaşasını səhnələşdirib.