Varşava şəhərində Azərbaycan kino həftəsi keçirilir

 

Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi oktyabrın 1-nə kimi Varşavanın “Kultura” kinoteatrında davam edəcək və hər bir film polyak və ingilis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunacaq.

Qonaqlar tərəfindən maraqla qarşılanan Azərbaycan kino həftəsinin açılışında Polşada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və əməkdaşları, ölkədəki dini konfessiyaların təmsilçiləri, millət vəkilləri mədəniyyət və incəsənət xadimləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycan vətəndaşları və soydaşlarımız iştirak ediblər.

Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska açılış mərasimində çıxış edərək kino həftəsinin əhəmiyyətindən söz açmış və polyak kinosevərlərə tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını bildirib. 

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq ölkəmizin mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransadan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Əlavə olunub ki, 1916-cı ildə Pirone qardaşları Azərbaycanda kinematoqrafiyanı istehsalat sənayesinə çevirəndə Azərbaycan kino sənayesi, xüsusilə “Arşın mal alan” kinokomediyası ilə daha da inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli auditoriya üçün deyil, həm də xarici kinosevərlər tərəfindən rəğbətlə qarşılanırdı. 1935-ci ildə rejissorlar Boris Barnet və Səməd Mərdanov ölkədə ilk səsli film olan “Mavi dənizin sahilində” filmini çəkiblər. Daha sonra bu film dünya kinosunun 100 illiyi ilə bağlı ən nüfuzlu kino tənqidçiləri arasında keçirilən sorğuya əsasən dünya kinosunun ən yaxşı filmləri siyahısına daxil edilib. Səfir çıxışında Azərbaycan kinosunun ən uğurlu filmlərindən söhbət açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə çatdırıb.

Daha sonra Mazovietski əyalətinin rəhbəri Adam Strujikin adından təbrik məktubu oxunub. Varşava Baş Yeparxiyasının köməkçi yepiskopu Mixal Yanoxa isə öz çıxışında Azərbaycanda olan multikulturalizm mühiti və ölkəmizin kino tarixi haqqında öz təəssüratlarını bölüşüb.

Tədbirin sonunda rejissor Fariz Əhmədov və filmin ərsəyə gəlməsində birlikdə çalışdığı polşalı operator Mateuş Çuxnovski çıxış ediblər. Qeyd edək ki, Azərbaycan kino həftəsinin açılışında istedadlı azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi nümayiş olunub. Bu film rejissor Fariz Əhmədov və polşalı operator Mateuş Çuxnovskinin uğurlu yaradıcılıq tandemi hesab olunur. 

Azərbaycan kino həftəsinin növbəti günlərində polyak kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər filmlərlə tanış ola biləcəklər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.