Daşkənd həqiqətən də çörəkli şəhərdir Featured

 

“Ədəbiyyat və incəsənət” portalı dramaturq Ülviyyə Heydərovanın Daşkənd şəhərinə səfərinin təəssüratlarını təqdim edir

 

Bu yaxınlarda XIV Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etdim. Bu, mənim nəinki günəşli Özbəkistana, ümumiyyətlə, Orta Asiyaya ilk səfərim idi. Tale belə gətirdi ki, ilk səfərim başdan-başa təntənə, bayram idi. Bədii dillə desəm, Özbəkistana qırmızı xalıda getdim və təyyarədən enən gündən onu sevdim. 

Festivalda 40-a yaxın ölkədən 600-dən çox nümayəndə iştirak edirdi. Bura Özbəkistanın mədəniyyət xadimlərini də əlavə etsək, hardasa 2000-dən çox iştirakçı var idi. Siz indi ümumi həcmi təsəvvür ediniz. Əsas məsələni deyim ki, Daşkənd Film Festivalına ayrılan büdcə 20 milyon avro idi. 

Daşkənd Film Festivalı Sovet dövründə də məşhur olub və son iki ildə yeni ölkə başçısı festivalın qüdrətini özünə qaytarıb. Təşkilatçılıq yüksək səviyyədə, qonaqlara diqqət, hörmət, ehtiram sözlə ifadə edilməyəcək dərəcədə əla. Hər ölkə üçün ayrıca proqram, cədvəl hazırlanmışdı, saat kimi də dəqiq işləyirdilər. Azərbaycan nümayəndə heyətindən "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev, kinorejissor Oleq Səfərəliyev, "Buta" filmin rəhbəri, kinorejissor İlqar Nəcəf, kinorejissor Asif Rüstəmov, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, "Yeniçağ"ın müxbiri Rüstəm və mən iştirak edirdim. Son dərəcə məhsuldar bir festival oldu. Azərbaycan bu festivalda kinorejissor İlqar Nəcəfin "Suğra və oğulları" filmi ilə iştirak edirdi. Filmi özüm də ilk dəfə elə festivalda izlədim və İlqarın çəkdiyi sənət əsərilə qürur duydum, baxanda göz yaşlarımı saxlaya bilmədim. Özü də tək mən yox, bütün tamaşaçılara təsir eləmişdi. Filmin Bakıda nümayişi olsun, şiddətlə tövsiyyə edirəm. Festival çərçivəsində Azərbaycan Kinosu Günü Daşkənddən əlavə, Özbəkistanın qədim mədəniyyət mərkəzlərindən olan Buxarada da keçirildi və uğurla nümayiş olundu. Festivalda kinorejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin" layihəsinin də təqdimatı oldu. Yaxın gələcəkdə bizi Azərbaycan -Özbəkistan müştərək kino layihəsi gözləyir. Bir əsas məqamı da vurğulayım ki, Festival çərçivəsində Gülyaz və Gülyanaq bacılarının konserti də planlaşdırılmışdı. Lakin Bakıdan Özbəkistana yola düşəndə hər dəqiqə yenilənən şəhid xəbərləri hamımızı, eləcə də bizim sənətkarların da ürəyini parçalayırdı. Elə o səbəbdən müğənnilərimiz şəhidlərimizin ruhuna  hörmət əlaməti olaraq konserti verməkdən imtina etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Festivala gəlincə isə, onu deyim ki, belə tədbirlər həm də yeni dostlar, əlaqələr deməkdir. Sənət adamları ilə söhbət deməkdir. 

Nə gizlədim, bu mənim xaricdə iştirak elədiyim, ölkəmi təmsil elədiyim ilk kinofestivaldır. İlklər heç zaman unudulmur. Özbəkistanın bu nüfuzlu Daşkənd Film Festivalını isə heç zaman unutmayacam. Festivala dəvətə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm! 

Günəşli, çörəkli, bərəkətli Özbəkistana, onun istiqanlı, həyatsevər insanlarına isə firəvan həyat arzulayıram! 

Yaşasın Azərbaycan- Özbəkistan qardaşlığı!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.