Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalında yeni filmlərimiz nümayiş olunub

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçirilən “Azərbaycan kinosu günləri”nin açılışından sonra festivalın növbəti günündə Özbəkistan Kinematoqrafiya Agentliyi ilə əməkdaşlıq edən ölkələrin film təqdimatları keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, həmçinin şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.

“Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb. Festivalda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunur. 

Əvvəlcə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Festivalın ilk günündə “Özbəkfilm” ilə “Azərbaycanfilm” nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə 2021-ci ildə kino sahəsində iki ölkənin təmsilçiləri arasında imzalanmış memorandumun nəticələrindən bəhs olunub. Qeyd edək ki, memorandumda Xalq artisti, kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” film layihəsinin müştərək istehsal planı yer alırdı. Hazırda filmin üzərində artıq iş başlayıb. Görüşdə filmin müştərək istehsalı üzərində növbəti müzakirələr aparılıb. İkili görüşdə iştirak edən “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov, kinorejissor Vaqif Mustafayev və kinoşünas Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar. Tanıtım mərasimində ilk olaraq “Özbəkfilm” və “Azərbaycanfilm” kinostudiyasının birgə əməkdaşlığı ilə ərsəyə gələcək “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” bədii filmi haqqında məlumat verilib. Layihəni Xalq artisti, kinorejissor Vaqif Mustafayev və “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov təqdim ediblər. Ekran əsərinin təsvir rejissoru Rusiya və Özbəkistanın məşhur kino mütəxəssisi Uluqbek Həmrayevdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri və keçirilən görüşlərin, imzalanan müqavilələrin ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib. O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, eləcə də Azərbaycan kinolarının Özbəkistanda böyük maraq və sevgi ilə qarşılandığını söyləyib. 

Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə azad olunduğunu, həmçinin bu gün kinematoqrafiyamızın azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasının qürurverici olduğunu qeyd edib. 

“Özbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestival və Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O, beynəlxalq kinofestivalda dünyanın 40 ölkəsindən gələn 500-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist və kino sahəsinin mütəxəssislərinin iştirak etdiyini qeyd edib. 

Tədbirdə çıxış edən Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, eləcə də festivalın işinə uğurlar arzulayıb. 

Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq”, həmçinin İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, öz fikirlərini bölüşüblər. 

Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri və tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb olaraq, alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq sentyabrın 17-də filmlərimiz Buxara şəhərində nümayiş olunacaq

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.