Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Visla” Film Festivalının birgə təşkilatçılığı ilə keçirilən “Polşa kino günləri” davam edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Polşa kino günləri” çərçivəsində nümayiş olunan növbəti film - “Məsihin bədəni” ekran əsəri olub.
Rejissor Yan Komasanın 2019-cu ildə real hadisələr əsasında çəkdiyi film 20 yaşlı Danielin həyatından bəhs edir. O, islah əmək müəssisəsində olduğu zaman mənəvi transformasiya keçirir ki, nəticədə də keşiş olmaq arzusunu hamıdan gizlədir. Azadlığa çıxandan sonra onun arzusu cəmiyyətlə sərt konfliktlərə gətirib çıxarır.
Tədbirdə çıxış edən, kinotənqidçi Sevda Sultanova müasir Polşa kinosunun əsas mövzularından birinin dinin, kilsənin cəmiyyətə olan təsiri üzərində qurulması olduğunu qeyd edib: “Rejissorların bu mövzuya diqqət ayırmasının əsas səbəblərindən biri Polşada dinin cəmiyyətə təsiri, siyasətə müdaxiləsidir. Kilsənin təzyiqi ilə ölkədə abortun qadağan edilməsi, din xadimlərinin seksual xarakterli zorakılıqlar törətməsi faktları gənclər arasında dinin nüfuzdan düşməsinə səbəb olub. Ona görə yeni nəsil rejissorlar filmlərində dini mövzuya daha çox tənqidi rakursdan yanaşırlar”.
S.Sultanova daha sonra rejissor Yan Komasa barədə məlumat verib. Qeyd edib ki, filmləri müxtəlif festivallarda nümayiş olunan Komasa xüsusən, virtual dünyanın yeniyetmələrinin həyatına təsirindən danışan “İntiharedənlər zalı” əsəriylə tanınıb: “O, bu əsərdə maraqlı montaj həlli sayəsində real dünya ilə virtual məkan arasında sərhədləri silir. “Məsihin bədəni” filminə gəlincə, burada rejissor göstərir ki, din formaldır, onun həyatla bağlılığı yoxdur. Daniel isə öz fəaliyyətində dinə həyatilik gətirir”.
Xatırladaq ki, Polşa Kino Sənəti Məktəbi tərəfindən dəstəklənən “Məsihin bədəni” filmi “Oskar” və “Avropa kino mükafatları”na nominant olub.