Qabriel Qarsia Markesin oğlundan müsahibə götürən azərbaycanlı jurnalist Featured

Azərbaycanlı blogger, jurnalist Hafiz Əhmədov dünyaşöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin oğlu, kinorejissor Rodriqo Qarsiadan müsahibə götürüb. Müsahibə ingilis dilindədir, YouTube kanalında yerləşdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hafiz Əhmədov özü bu hadisəyə belə şərh verir: 

“2007-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Müəllimlərimizdən biri dərs zamanı bir nəfərin adını tez-tez çəkərdi: Qabriel Qarsiya Markes. Düzü, mən də kənddən getmişəm, həmin günə qədər onu heç tanımırdım, adını da əzbərləyə bilmirdim. Həmin adı yazdığım qeyd dəftərimi hələ də saxlayıram. Müəllimimiz isə Markesi həmişə nümunə gətirərdi. "Yüz ilin tənhalığı" dilindən düşməzdi. 

15 il ötdü... Bu illər ərzində mən Qabriel Qarsiya Markesin kitablarını oxudum. Başqa sözüm yoxdur: ƏSL DAHİ ODUR!

4 ay öncə Markesin oğluna müsahibə üçün müraciət etdim. Çox gec cavab aldım: "Sualları göndər". 25 sual göndərdim, əksəriyyəti atası ilə bağlı idi. 

Gözlədim, cavab gəlmədi. Səbəbini soruşdum. Yazdı ki, "atam və şəxsi həyatımla bağlı qətiyyən müsahibə vermirəm; yalnız öz işim, kinomatoqrafiya ilə bağlı suallar göndərin". 

Mənim üçün çox çətin də olsa, tez bir zamanda kino sahəsi ilə bağlı ona suallar yazıb göndərdim. Qeyd etdim ki, "siz bu dəfə də müsahibədən imtina etsəniz, mən də bir gənc jurnalist kimi jurnalistikadan imtina edəcəm!"

Çox qəribə bir şey baş verdi. Bu mesajımdan 24 saat keçməmiş email gəldi. "Cavablar hazırdır". Bilirsinizmi nə etmişdi?! Suallarımı qarşısına qoyub podcast kimi tək-tək cavab verib səs yazısını mənə göndərmişdi.

Sevincimin həddi-hüdudu yox idi! Çünki, dahi bir şəxsiyyətin oğluna, ailə üzvünə, qanını, canını, ruhunu daşıyan bir şəxsə Azərbaycanı ilk mən tanıtdım, sevdirdim. Hətta o, qeyd edib ki, Azərbaycanda film çəkmək istəyir. O, dünya durduqca yaşayacaq olan dahi Qabriel Qarsiya Markesin çox istedadlı oğludur!

Podcastı dinləyin; dahi Qabriel Qarsiya Markesin oğlunun dilindən Azərbaycan kəliməsinin necə gözəl səsləndiyinə özünüz şahid olun. Sadəcə olaraq qürur duydum! Məncə, bu Azərbaycanı sevən hər kəsin uğurudur. Jurnalist karyeramda isə daha bir zirvədir.

Sonda isə Qabriel Qarsiya Markesin bir fikirini qeyd edim: "İnsanlar qocaldıqları üçün xəyallarının arxasınca getmirlər. Bu düzgün deyil. İnsanlar xəyallarının arxasınca getmədikləri zaman qocalırlar".

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.