Ötən gün Bakıda Fransız kino günlərinə start verilib
Fransız kinosu kifayət qədər dünya populyarlığına malikdir, lirik-dramatik, həm də psixoloji xətti ilə seçilən bu filmlər adətən yüksək sənət meyarlarını qoruyub saxlaya bilir. O cümlədən, ölkəmizdə də fransız kinosuna sevgi böyükdür. İyunun 7-dən Bakıda “100 faizlik klassiklər: Fransız kino həzzi” adlı film nümayişləri başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən 3 günlük nümayiş “Azərbaycan” kinoteatrında reallaşmaqdadır.
Nümayiş olunan filmlər fransız dilində, Azərbaycan və ingilis altyazıları ilə təqdim edilir. Giriş sərbəstdir.
Dünən - iyunun 7-də ünlü rejissor Jan Viqonun “Atalanta” filmi nümayiş olunub. 1934-cü ildə çəkilmiş bu dramın süjeti əbədiyaşar mövzu - sevgi əsasında qurulub.
“Atalanta” barjının kapitanı Jan kəndçi qızı Cülyettaya vurulur. Onlar toy səyahəti kimi su yolu ilə Parisə yollanırlar. Dəniz canavarı təxəllüslü Jüllə rastlaşırlar. Başlarına çox işlər gəlir. Maraqlı və dramatik bir süjet.
İyunun 14-də “Baltazar” (Rober Bresso), 21-də isə “Uçuş zolağı” və “Sibirdən məktublar” (Kris Marker) filmləri nümayiş olunacaq.
Bü filmlər də mükəmməllikləri ilə fərqlənirlər.
Müasir kino gözəldir, templidir. Amma ağır, ləngərli retro kinolar daha cazibədardır. Əsl art kino nümunələridir onlar.
Şəkildə: “Atalanta”dan fraqmentlər