Mayın 25-də Nizami Kino Mərkəzində Azərbaycanın tanınmış heykəltəraşı, Xalq rəssamı Fuad Əbdürrəhmanova həsr olunan “Monumental həyat" sənədli filminin təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatdan əvvəl foyedə heykəltəraşın işlərindən ibarət sərgiyə baxış keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb.
Fuad Əbdürrəhmanovun hər zaman gərgin yaradıcılıq axtarışlarında olduğunu bildirən F.Xəlilov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın görkəmli şəxsiyyətlərinin - ədəbiyyat, incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların paytaxtımızı bəzəyən heykəlləri F.Əbdürrəhmanovun yaradıcılığının məhsuludur. Görkəmli tişə ustasının monumental heykəltəraşlıq abidələrinə misal olaraq Nizami Gəncəvinin, Səməd Vurğunun, Sovet İttifaq Qəhrəmanı Mehdi Hüseynzadənin, Düşənbədə Rudəkinin, Buxarada İbn Sinanın abidələrini göstərmək olar.
Sonra Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığından danışıb, bildirib ki, F.Əbdürrəhmənov qısa bir zaman ərzində keçmiş SSRİ məkanında tanınan ən məşhur heykəltəraşlardan birinə çevrilib. Onun sənəti dünya miqyasında tanınıb.
Sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən “Monumental həyat" sənədli film nümayiş olunub.
Film Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə çəkilib. Filmin Azərbaycan çəkilişləri Bakıda, Gəncədə və Şəkidə, daha sonra Sankt-Peterburq, Moskva, Düşənbə və Brüsseldə aparılıb. Filmin çəkilişləri zamanı Azərbaycan Dövlət Arxiv İdarəsinin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən istifadə olunub.
Film böyük maraq doğurub.