Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx surətdə bağlıdır. O, 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib, 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən mahir baletmeyster xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması sahəsində yorulmadan çalışıb.
Əminə Dilbazi klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub. Görkəmli ifaçının repertuarı öz rəngarəngliyi ilə səciyyələnib. “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verən mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzəyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib. Əminə Dilbazi həm də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.
AzərTAC xəbər verir ki, bu barədə aprelin 22-də Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən baletmeyster, Xalq artisti Əminə Dilbaziyə həsr olunmuş “Prima” sənədli filminin yenidən bərpa edilmiş variantının təqdimat mərasimində danışılıb.
1992-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş film “Sənətkar taleləri” silsiləsindən milli rəqqasə Əminə Dilbazinin həyat və yaradıcılığına həsr olunub.
Filmin yaradıcı heyəti və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, filmin operatoru, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, Əməkdar artist Ötkəm İskəndərov, Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə milli rəqs sənətimizin şahzadəsi Əminə Dilbazinin həyat və yaradıcılığı barədə ətraflı bəhs edib, mərhum baletmeysterlə əlaqədar xatirələrini bölüşüblər. Qeyd edilib ki, Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrini yaşatmaqda müstəsna xidmətlər göstərən Əminə Dilbazi uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib.
Filmin rejissoru Tofiq İsmayilovun qızı Sevinc Rzayeva atasının film üzərində yaradıcılıq işindən danışıb.
Əminə Dilbazinin oğlu Mikayil Hacıyev anasının xatirəsini əziz tutduqlarına görə ailə üzvləri adından onun sənət yoldaşlarına, filmin yaradıcı heyətinə təşəkkür edib.
Təqdimat mərasimi “Prima” sənədli filminin bərpa olunmuş yeni variantının nümayişi ilə başa çatıb.