Birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda Azərbaycan filmləri də göstərilib

 

Ötən gün Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu çərçivəsində Azərbaycanın animasiya filmləri də nümayiş etdirilib. “Ədəbiyyat və incəsənət” portalı bu barədə AzərTAC-a istinadla məlumat verir. 

 

Forumda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar iştirak edir.

Azərbaycanı bu festivalda ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov təmsil edir.

Filmlər göstərilməzdən əvvəl Rəşid Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama milli animasiya filmləri daxildir.

Bu proqrama bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarında iştirak etmişik.

Elçin Hami Axundov deyib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxil olunub.

Festival çərçivəsində müxtəlif müsabiqələr, ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri keçirilir.

Animasiya Forumu bu gün başa çatacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.