“Xəzinə”nin Sumqayıt premyerası

 

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan "Xəzinə” tamaşasının premyerası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıtın Xeberle.com saytından aldığı məlumatına görə, Hafiz Ataxanlının qələmə aldığı əsərə teatrın baş rejissoru, respublikanın xalq artisti Firudin Məhərrəmov quruluş verib.

Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Səkkiz əsrdən çox oxucuları müdrik, daim aktual ideyaları və nəsihətləri ilə heyrətləndirən Nizaminin  məşhur obrazları tamaşada xüsusi yer tutur.

Xosrov, Şirin, Şiruyyə, Məcnun, Leyli, Xeyr, Şər, Nüşabə, İsgəndər, Harun ər-Rəşid və Dəllək kimi obrazlar ağılla sərvətin, xeyirlə şərin mübarizəsi fonunda bir sırada qərar tutaraq vahid dramaturji xətlə tamaşaçıya təqdim edilir.

Nizaminin ən xəfif və lirik obrazlarından biri olan Leylinin özünün və sevgilisi Məcnunun faciəvi taleyi ilə bağlı şeyxin ruhuna səslənərək, üsyan etməsi tamaşanın təsir qüvvəsini artıran səhnələrdəndir.

Nəhayət finalda İsgəndərlə Nüşabənin görüşündə sərvət və zəka mükaliməsi kulminasiya  həddinə çatır və sonda zəka üstün gəlir. Böyük fateh İsgəndər qoşununu geri çəkərək müridlərlə birgə katarsis prosesinə qoşulur.

Tamaşanın premyerası böyük maraqla qarşılanmışdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.