Amaliya Pənahovaya yaşadığı binanın qarşısında barelyef qoyuldu


Bu gün - milli kino günündə
Xalq artisti, unudulmaz aktrisa Amaliya Pənahovanın yaşadığı binanın qarşısında - Fikrət Əmirov 1 ünvanında barelyefinin açılış mərasimi oldu. Açılış mərasimində
mədəniyyət naziri Anar Kərimov çıxış etdi. O söylədi:
“O, Azərbaycanın ən sevimli teatr və kino xadimi idi. Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Müstəqillik dövründə dövlətimiz tərifindən ən ali mükafatlara layiq görülüb. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir.
Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir.”
Görkəmli sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir daha sonra söylədi ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb: “Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açdı: “Amaliya xanımın bir neçə mənzili var idi. Çalışdığı teatr, kinostudiya və Milli Məclis onun evi idi. Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev aktrisanın siyasi fəaliyyətindən də diqqət ayırdı. O bildirdi ki, Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Onun fəaliyyəti çoxşaxəli idi: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. Özünəməxsus bir məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib”.
Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun sənət dünyasından bəhs etdilər. Çıxışlarda qeyd edilib ki, Amaliya xanım, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsildi.
Bundan sonra Fikrət Əmirov küçəsi ilə keçənlər unudulmaz aktrisamızın gülümsər çöhrəsi ilə qarşılaşacaqlar.
Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.