Dünən axşam Nizami Kino Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rejissor İnara Kolmanenin "Bille" filminin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri açan kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib. O, İ.Kolmanenin lentə aldığı filmlərin əhəmiyyətindən bəhs edib.
Sonra filmin rejissoru İnara Kolmane çıxış edib. Bakıya ikinci dəfə səfər etdiyini bildirən xanım Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.
"Sizin şəhərinizi çox sevirəm. Yenidən Bakıya gəldiyim üçün şadam. Ümid edirəm ki, "Bille" filmi sizin xoşunuza gələcək. Film yeddi yaşlı Bille adlı balaca qızın həyatından bəhs edir. Filmdə qadınlara, sülhə və azadlığa yer verilib", - deyə filmin rejissoru qeyd edib.
Sonra film geniş auditoriyaya təqdim edilib.
Tamaşaçılar balaca Billeni həqiqətən də seviblər.