Ukrayna və Türkiyə kinematoqrafiyasının 36-cı Friborq kinofestivalındakı böyük uğuru Featured

 

Hər il bu vədələrdə İsveçrənin yamyaşıl Friborq şəhərində Beynəlxalq Friborq (Fribourg) Kino Festivalı keçirilir. Bu il 36-cı dəfə kinosevərləri bir araya alan Beynəlxalq Friborq Kino Festivalının əsas özəlliyi ondan ibarətdir ki, burada Avropa Birliyi ölkələri, ABŞ və Kanada, eləcə də Rusiya filmlərinin nümayişinə icazə verilmir. Festivalın əsas məqsədi Şərqi Avropa, Asiya, Afrika və Cənubi Amerika kinosunun inkişaf dinamikasını tutmaq və bu inkişafa töhfələr verməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı festagent.com-a istinadən məlumat verir ki, ukraynalı rejissor Marina Er Qorbaçın TRT-nin ortaq istehsalı olan “Klondike” (Klondayk) hərbi dramı festivalın birdən-birə 3 mükafatını qazanıb.

Ukrayna və Türkiyənin birgə istehsalı olan film Beynəlxalq müsabiqənin “Ən yaxşı film”, “Gənc münsiflər heyətinin fəxri adı” və “Kino tənqidçilərinin ən yaxşı filmi” nominasiyalarında mükafatlara layiq görülərək yaradıcılarına əsl triumf yaşadıb. 

Mükafat mərasimində rejissor Marina Er Qorbaçla yanaşı, filmin ortaq prodüseri və Marinanın həyat yoldaşı olan türk Mehmet Bahadır Er də iştirak edib. 

Mərasimdəki çıxışında Qorbaç müharibə şəraitində ölkəsini müdafiə edən əcnəbi sənətçilərə diqqət çəkib. Bütün seyrçilər bu təsirli çıxışı ayaq üstündə, alqışlarla qarşılayıblar.

Talent Tare adlanan baş mükafatı rejissor qadın göz yaşları içində qəbul edib. Qeyd edək ki, mükafat 9000 İsveçrə Frankına (təqribən 16000 manat) bərabərdir. 

Premyerası 2022-ci ilin yanvarında, “Sandens” kinofestivalında baş tutan “Klondike” filmində əsas rolları Oksana Çerkaşina, Sergey Şadrin və Oleq Şerbina canlandırmışlar.

“Klondike” sözü lüğətdə bir neçə məna ifadə edir, qızıl qızdırma, kart oyunu, asteroid adı, Kanadada çay, ABŞ-da şəhər. Bu sözün filmin süjetinə transferi də diqqətçəkəndir. 

Rejissor qızıl qızdırma ilə hərbi qızdırmanı eyniləşdirir, ötən əsrin əvvəllərində Şimali Amerikadakı qızıl qızdırma dövründəki qəzıl hərisliyinə  bənzədir hazırkı dönəmdə Rusiyanın torpaq hərisliyini, yaratdığı hərbi münaqişələri.

Bəs müharibə qoxulu “Klondike”nin süjeti nədən bəhs edir? Film Ukrayna-Rusiya sərhəddində - Donetskdə yaşayan və kəndinin rus separatçı qrupları tərəfindən mühasirəyə alınmasına baxmayaraq, evini tərk etmək istəməyən hamilə qadının hekayəsindən bəhs edir. Nəzərə alın ki, film çəkiləndə hələ Rusiya Ukrayna ərazisinə soxulmasa da artıq Krımı, Luqanskı və Donetski özünə ilhaq eləmişdi. 

Bu arada onu da qeyd edək ki, “Klondike” kinolayihəsi

TRT mediaholdinqinin 12 Punto adlanan beynəlxalq ssenari müsabiqəsində birincilik qazanıb, “Sandens” kinofestivalında ən yaxşı rejissuraya görə mükafatlandırılıb. Hətta ötən ay keçirilən nüfuzlu Berlin kinofestivalının proqramına da daxil edilib. 

Aprelin 8-dən 19-dək keçiriləcək 41-ci İstanbul Film Festivalının “Milli yarışma” bölməsində “Klondike” filminin Türkiyə premyerası da baş tutacaq. Film çəkiliş qrupunun, eləcə də TRT rəsmilərinin iştirakı ilə aprelin 14-də nümayiş olunacaq.

Ukrayna mövzusu necə ki, siyasi, eləcə də mədəni həyatda çox aktualdır, bunu 36-cı Beynəlxalq Friborq Kinofestivalı sübut etmiş oldu. 

 

Şəkildə: Rejissor Marina Er Qorbaç, filmin afişası, filmdən fraqmentlər.

 

Qapaq şəklində filmin yaradıcı heyətini görürsünüz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.