Martın 15-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoşünas, kinodramaturq, ssenarist və rejissor, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun anadan olmasının 70 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, gecədə Aydın Dadaşovun ssenari müəllifi olduğu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş “Əks-səda” və “Balaban” sənədli filmlərinin bərpadan sonra təqdimatı keçirilib.
Qeyd edək ki, bu filmlər 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib və hər iki filmin rejissoru Xamis Muradovdur.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Xamis Muradov, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək Aydın Dadaşovla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Aydın Dadaşov müxtəlif illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında bədii filmlər üzrə direktor, rejissor və redaktor olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışıb. 2000-ci ildə həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbərlik edib. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənlərini tədris edib.
Vurğulanıb ki, Aydın Dadaşov 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifidir. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışıb.
Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 2017-ci il martın 15-də 65 yaşında dünyasını dəyişib.