2019-cu ildə çəkilmiş “Vağzalı” komediyasının premyerası, axır ki, baş tutdu Featured

Pandemiya səbəbindən uzun müddət qapıları bağlı qalan konsert salonları, teatr zalları, kinoteatrlar yenidən tamaşaçılarla ünsiyyətə sevinməkdədir, bu da, əlbəttə ki, çox müsbət haldır. 

2019-cu ildə çəkilən və 2020-ci ildə premyerası pandemiyaya görə baş tutmayan “Vağzalı” komediyası da nəhayət ki, tamaşaçıların ixtiyarına  verildi.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 1-də “Nizami” kino mərkəzində baş tutan premyeraya filmin yaradıcı heyəti, ölkə mədəniyyətinin tanınmış xadımləri, kinosevərlər təşrif buyurmuşdular. 

Rejissor Şahin Qəhrəmanın lentə aldığı, ideya müəllifi və prodüsseri Əlibala Məhərrəmzadə, ssenari müəllifləri Ənvər Abbasov və Samid Ağayev olan “Vağzalı” filmində baş rolları sevilən komedik aktyorlar İlkin Misgərli və Nicat Rəhimov, eləcə də Nərgiz Əliyeva, Elçin Rəsulov və Elşən Hacıbabayev canlandırırlar. Və bu koloritli aktyor heyətinə qoşulmuş, filmdə “tərcüməçi uşaq” obrazını canlandıran Bakı məktəblisi Səttar Məhərrəmzadənin yaddaqalan ifasını ayrıca qeyd etməyə dəyər. Epizodik rollarda və kütləvi səhnələrdə yer almış Quba rayonunun sakinlərini də alqışlamaq lazımdır. 

Hadisələr Qubada cərəyan edir. Bu cənnətməkan rayonun gözəl təbiət lövhələri, eyni zamanda filmin sponsorlarından olan “Şahdağ Quba-Truskavets” sanatoriyasının göz oxşayan guşələri filmə əlavə rəng qatır.

Filmin çatdırdığı əsas mesajsa odur ki, insan qismətdən artığına nə qədər can atsa da, çata bilmir, odur ki, atalar demiş, nəğdini qoyub nisyənin ardınca qaçmağa dəyməz.

Film olduqca dramatik süjet xəttinə malikdir: Eyvanda təmir işləri görən usta yıxılıb aşağı mərtəbənin eyvanına düşür, orada yaşayan qızın qardaşı da onu bacısının gizlin adaxlısı zənn edib okivar döyür və namus məsələsini ortaya atıb məcbur edir ki, bacısının adına söz çıxmasın deyə gərək bacısını alsın. 

O da üstünə çəkilən “ləzgi xəncərinin” qorxusundan çar-naçar, razılaşmalı olur. 

Nə baş verirsə toy günü baş verir. Gəlin öz sevgilisi  olduğu üçün zorla ərə verilməsi ilə barışmır, toya meyxanaçı qismində dəvət olunmuş İlkinlə Nicatın maşınında gizlənərək toy məkanından qaçır. Gəlinin qardaşı və bəy onları təqib edirlər, bu yandan qızın öz sevgilisi də hadisə yerinə gəlir, macəra dolu, bol gülüşlü səhnələrə ərəb turistləri ilə bağlı epizodlar xüsusi kulminasiyalar gətirir. 

Sonluğu, təbii ki, bu gündən ölkə kinoteatrlarında nümayişi başlanacaq “Vağzalı” kinokomediyasına baxıb özünüz görəcəksiniz, əziz kinosevərlər. Amma bəri başdan deyək ki, sonluq əsil novellasayağı, trillersayağıdır, gözlənilməzdir. 

Sevilən bəstəkar Vaqif Gərayzadənin filmə yazdığı məxsusi musiqi isə süjetlərin sanki dramatizm kəsərini xeyli artırmış olur. 

Premyeradan sonra filmin komandası səhnəyə dəvət olunaraq təqdim ediləndə zalın alqışlara bürünməsi, əlbət ki, haqqına olan prosedur idi. Premyeraya gəlmiş tanınmışların hamısı bir ağızdan filmi bəyəndiklərini izhar etdilər. Tamaşaçıların filmi bəyənməsinə isə onların saat yarım ərzində gülüb qəşş eləmələri əyani sübut idi. 

Portalımız adından filmin yaradıcı heyətini təbrik edir, onlara, necə deyərlər, “qəşəng kassa” arzulayırıq. 

 

Şəkillərdə: Filmdən fraqmentlər

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.