Fuad Cavadzadənin “Xeyir xəbər”i rəğbətlə qarşılanır Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni pyesi əsasında hazırlanan “Xeyir Xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olundu. 

 

Ötən mövsüm çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiyyətinə, teatrsevərlərə, müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə təqdim edildi.

Növbəti dəfə tamaşa Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən “Bölgə Teatrlarının Bakı Premyeraları” layihəsi çərçivəsində Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə və tamaşaçılara təqdim olundu. Tamaşa, eyni zamanda, Mədəniyyət kanalı vasitəsilə canlı yayımlandı.

Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, ziyalılara və tamaşaçılara uğurla təqdim edildi.

Bir hissəli qəhrəmanlıq dramı olan “Xeyir Xəbər” tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafik işləri Sahil Nəzərov tərəfindən hazırlanıb.

Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev çıxış edirlər.

Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına və qazilərimizə ithaf olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.