Premyerası Rusiyada olacaq "Yeniçəri" tarixi serialında azərbaycanlı aktyorlar da rol alıb

 

Rusiyanın Birinci Kanalında Azərbaycanın məşhur aktyorlarının iştirakı ilə "Yeniçəri" adlı irimiqyaslı tarixi serialın premyerası keçiriləcək.

Bu layihədə Rusiyanın tanınmış aktyorları ilə bərabər, Azərbaycanın Xalq artisti Pərviz Məmmədrzayev, aktyor Kamran Ağabalayev, eləcə də azərbaycanlı kaskadyorlar Sain Fərmanlı və Tural Xəlili yer alıb.

Kamran Ağabalayev əsas rollardan birini - Bəyazid ağanı, Pərviz Məmmədrzayev isə qubernatoru canlandırıb.

Serialda hadisələr Boris Qodunovun dövründə cərəyan edir və XVI əsrin sonu-XVII əsrin əvvəllərini əhatə edən Osmanlı İmperiyası ilə bağlıdır. Atasının son vəsiyyətini yerinə yetirmək üçün kazak Alyoxa Məryəmin qarşısında baş əymək üçün yad ölkəyə yollanır. Alyoxanın yolu Osmanlı İmperiyası sultanının sarayından keçdiyindən orada əsir düşür və Əlinin yeniçəri olur. Amma heç bir qala azad kazakın iradəsini boğa bilməz. Alyoxa azadlıq əldə etmək, atasının vəsiyyətini yerinə yetirmək, sevgisini qarşılamaq və vətənə qayıtmaq ümidini itirmir.

Serialın çəkilişləri Türkiyə və Rusiyada aparılıb. Layihəni Birinci Kanal üçün “Mars Media” kino şirkəti həyata keçirib. Filmin rejissoru İvan Şurxovetski, prodüseri Yelena Deniseviçdir. Filmdə əsas obrazı İlya Malakov canlandırıb.

"Bu obrazı canlandırmaq üçün xüsusi hazırlıqdan keçmişik. Qəhrəmanım çoxlu at çapır, döyüşür. Tək mən yox, demək olar ki, baş rollarda çəkilən bütün aktyorlar döyüşləri səhnələşdirmək üçün çox çalışmışıq. Hazırlıq işləri çox yaxşı görülüb və çəkilişlər çox yüksək səviyyədə təşkil olunub”, - deyə Kamran Ağabalayev bildirib.

"Serialda Trabzon valisi, dövlət xadimi, çox ehtiyatlı və tədbirli bir insan obrazını canlandırdım. Əminəm ki, serial tamaşaçıların böyük marağına səbəb olacaq və kino sənayesi aləmində parlaq hadisəyə çevriləcək", - deyə Pərviz Məmmədrzayev vurğulayıb.

Qeyd edək ki, serialın treyleri artıq Birinci Kanalın rəsmi saytında yerləşdirilib. 

Bu barədə məlumat AzərTAC tərəfindən yayılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.