Leyla Əliyevanın təşəbbüsü ilə Pantomim Teatrı Qırğızıstanda qastrolda olub Featured

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında "Manqurt" və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

 

Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb və böyük maraqla qarşılanıb.

 

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.