Ağalar İdrisoğlu, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi –“Ədəbiyyat və incəsənət” üçün
Məhərrəm Musayev: “Əgər tamaşada canlı ifa yoxdursa, aktyor oynadığı rolu obraz səviyyəsinə qaldıra bilmirsə, bütün hərəkətlərində təbii deyilsə, o tamaşa peşəkar ola bilməz. Məhz tamaşaların da çoxu rejissor və aktyor tərəfindən peşəkar səviyyədə olmadığına görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır”...
Biz, 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) imtahan verən vaxtı, bizimlə ortaboylu, cəld hərəkətli, baxışı, hərəkətləri, danışığı başqalarından çox fərqlənən bir oğlan da imtahan verirdi. Baxmayaraq o, hər bir sözu, cümlələri çox ciddi deyirdi, amma biz onun sözlərinin deyilişindən gülümsünürdük. O, özünün belə baməzə hərəkətləri və söhbətləri ilə ətrafına daha çox müdavimi yığa bilirdi. Biz inanırdıq ki, bu istedadlı oğlan hökmən aktyorluğa qəbul olacaq.
Həmin vaxtı bizdən sənət imtahanlarını tanınmış teatr xadimləri - Azərbaycan peşəkar teatr tarixinə öz adlarını əbədi yazmış Xalq artisti Rza Təhmasib, SSRİ Xalq artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, Xalq artisti Tofiq Kazımov və Əməkdar incəsənət xadimi Fikrət Sultanov götürürdü. Həm də o il institutun tarixində ilk dəfə olaraq, darm və kino aktyorluğu kursu bir yerdə olduğuna görə qəbula gələnlər həddindən artıq çox idi. Həmin il ali məktəbə cəmi 30 nəfər qəbul olunmalı idi. Məhz buna görə də imtahanlar çox ciddi keçirdi.
Bu korifey sənətkarlar həmin cavan oğlana aktyor sənəti, səhnə danışığı və ritmikadan 5 qiymətlər yazmışdılar. Səhv etmirəmsə bu 3 fənnən cəmi 4-5 nəfər əla qiymət almışdı, onlardan biri də bu cavan, xoşsimalı, gülərüz oğlan idi. Mən də yaxşı qiymətlər almişdım. Ona görə də digər imtahanların gedişində biz onunla yaxından tanış olduq. Məlum oldu ki, biz onunla Masallı rayonundanıq və qonşu Digah, Şərəfə kəndlərindənik. Belə ki, mən Digahdan, o isə Şərəfədəndir. Hətta uşaq yaşlarımızda bir yerdə futbol oynayıb, onların və bizim kəndlərimizdə olan istillərdə (su anbarları) balıq tutmuşuq, çimmişik. Hətta bizim nəsillərimizin ulu kökləri XVI-XVII əsrlərdə Ərdəbil mahalından gəlib, bu yerlərdə kök salıblar.
Tale elə gətirdi ki, hər ikimiz dram və kino aktyorluğu fakültəsinə qəbul olduq. Mən Mehdi Məmmədovun, o isə Fikrət Sultanovun sinifində. Baxmayaraq biz sənət dərslərini ayrı keçirdik, amma başqa dərslərimiz bir yerdə olurdu. Həmin dərslərdə də bu cavan oğlan dərsin gedişində elə bir baməzə cümlə deyirdi ki, nəinki tələbə yoldaşlarımız, hətta müəllimlərimiz də gülürdülər. Çünki o, Azərbaycan cümlələrinə bəzi fransız sözləri əlavə etməklə elə maraqlı danışırdı ki, kənardan ona qulaq asanlar elə bilirdilər ki, fransızdır, Azərbaycan dilində danışır. Dərslərin gedişində, biz dərslərimizi bilməyəndə, rəqsləri, ritmik hərəkətləri müəllimlər dediyi kimi təkrar eləyə bilməyəndə, ən gərgin vəziyyətdə, müəllimlər bizim üstümüzə hirslənəndə, o, fransız ləhcəsi ilə danışırdı. Müəllimlər gülümsünür və gərginlik aradan götürülürdü. Ona görə də biz o vaxtlar həmin oğlana “Müsyö”,- deyirdik. Hətta o, deyirdi ki, “mən həkim olmaq istəyirdim. Tibb İnstitutuna da ciddi hazırlaşırdım. Amma məktəbimizdəki dram dərnəyində də rollar oynayırdım. Həmin vaxtı bizim kənddən olan Əjdər Bədirov, indi məşhur aktyorlar Rasim Balayev, Mikayıl Mirzə, Əliabbas Qədirovla bir kursda oxumuşdu. Kəndə gələndə teatrla bağlı elə maraqlı şeylər danışırdı ki, o, mənim “saqqızımı” oğurladı və mən də sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu faküləsinə verdim və qəbul olundum”.
Dörd il təhsil aldığımız müddətdə həmin oğlan hamının sevimlisi, ən yaxın dostu, həmsöhbəti, sirdaşı oldu. O, kurs tamaşalarında oynadığı maraqlı, xarakterik rolları ilə sübut edirdi ki, gələcəkdə yaxşı, perspektivli aktyor ola biləcək. Oldu da. Oynadığı roldan-rola yüksəldi, püxtələşdi. Bir obrazda tapdığı xarakteri başqasına köçürmədi. Hər obrazın özünə uyğun daxili monoloqunu qurdu, yeriş, baxış və danışıq tərzini tapdı. Çalışdı ki, hər bir rolunda səmimi və təbii olsun. Təkcə teatrda yox, həm də kinoda maraqlı rollar oynadı. Bax, bu peşəkarlığına, Allah vergisi olmağına görə, təkcə tamaşaçıların yox, həm də rejissorların sevimlisinə çevrildi.
... Bayaqdan haqqında xoş sözlər danışdığım, artıq adını Azərbaycan teatr və kino tarixinə ustad sənətkar kimi yazdıran və uzun illər Lənkəran Dövlət Dram Teatrının, Dövlət Gənclər Teatrının, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, İrəvan Dövlət Dram Teatrının aparıcı aktyorlarından biri olan, 1949-cü ilin oktyabr ayının 28-də dünyaya gəlmiş, 75 yaşı tamam olan, Mədəniyyət əlaçısı Döş nişanını almış və bundan sonra da çox maraqlı rollar qalereyası yaratmağa qadir, amma artıq “Yaş senzi” adı ( oyunu) ilə işdən uzaqlaşdırılan Məhərrəm Məmmədhəsən oğlu Musayevdir.
... Biz ali məktəbi qurtaranda təyinatla ayrı-ayrı yerlərə işləməyə göndərildik. Mən Şəki və sonra Sumqayıt Dövlət Dram Teatrına göndərildim. Amma Məhərrəm Musayev Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işlədi. Təsəvvür edin ki, 3 illik təyinatla Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına akytor işləməyə gedən Məhərrəm Musayev düz 25 il bu teatrda işlədi. 80-dən artıq, bir-birindən maraqlı rollar oynadı, bu teatrın səhnəsində. Onun rejissor sənətinə marağı olduğunu görüb, Məhərrəm bəyi teatrın rəhbərliyi bir neçə tamaşaya ikinci rejissor təyin elədi. Özünün rejissura sahəsində orijinal fikirləri olduğunu görüb, hətta bu teatrda aktyor işləyə-işləyə iki illik Moskvada rejissorluq təhsili almağa göndərdilər Məhərrəm Musayevi.
Keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəsti-xəttini, məktəbini yaradan Mark Zaxarovun tələbəsi oldu Məhərrəm bəy. Onun rəhbərlik etdiyi “Lenkom” Teatrında iki il təcrübə mübadiləsi keçdi. Moskvada təhsil aldığı müddətdə və ondan sonrakı illərdə, Məhərrəm Musayev Lənkəran Dövlət Dram Teatrının səhnəsində, Süleyman Sani Axundovun “Tamahkar”, Geor Xuqayevin “Andro və Sandro”, Nəcəf bəy Vəzirovun “Pəhlivani zəmanə”, Camal Yusifzadənin “Dağlar arxasız olmur”, “Şah və təlxək”, Cəlil Məmmədquluzadənin “Ölülər” (Baba Rzayevlə birlikdə) və Abdulla Şaiqin “Qoçpolad” pyeslərinə maraqlı quruluşlar verdi. Bu tamaşalar haqqında teatr mütəxəssisləri maraqlı ressenziyalar yazdılar. Məhərrəm bəy bu tamaşaları ilə sübut etdi ki, o, nəinki maraqlı aktyor, həm də öz dəsti-xətti olan çox istedadlı rejissordur.
Yadıma gəlir ki, 1983-cü ildə Lənkəran Dövlət Dram Teatrı dörd tamaşa ilə Bakı şəhərinə qastrol səfərinə gəlmişdi. Həmin tamaşalardan ikisində - “Ölülər”də Mir Bağır ağa və “Səhər qatarı”nda baş rol olan Kərim rolunda Məhərrəm Musayev çıxış edirdi. Onun oynadığı hər iki rol, teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılandı. Tanınmış teatr tənqidçiləri baş rejissordan xahiş etdilər ki, onun üçün məxsusi pyeslər götürsün. Çünki o, dünya şöhrətli İnnakenti Smaktunovski tipli aktyordur. Amma nə sirdisə teatr Lənkərana qayıdandan sonra Məhərrəm Musayevə bu teatrda 3 il rol vermədilər. Bəli, bəli. Rol vermədilər. Bax, belə yanaşma tərzi yalnız bizim məmləkətdə ola bilər… Çünki daxilən xayınlıq, xəbislik, paxıllıq bizdə daha çoxdur. Ona görə də başqasının uğuruna sevinməkdə laqeyidik. Qısqancıq...
Yolum Lənkərana düşəndə, həmişə bu teatrın tamaşalarına baxırdım. Və hər bir tamaşada Məhərrəm bəyi bir akytor və rejissor kimi kəşf edirdim. Tale belə gətirib ki, mən onun oynadığı tamaşalar - Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Bertold Brextin “Soldat Şveykin macəraları”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Nikolay Paqodinin “Nikbin faciə”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Məmmədhüseyn Əliyevin “Prokuror”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Camal Yusifzadənin “Səhər qatarı”, “Şah və təlxək”, Ulyam Şekspirin “Maqbet”, “Qış nağılı”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Cəfər Cabbarlının “Oktay Eloğlu”, Süleyman Sani Axundovun “Tamahkar”, İlyas Əfəndiyevin “Qəribə oğlan”, Səməd Vurğunun “Vaqif” və başqalarına baxmışam. Bu tamaşalarda oynadığı - Tanrıverdi, Smulyant, Əliqulu, Xır-xır, Mirbağır ağa, Prokuror, Bərbərzadə, Kərim, Şah, Gənc çoban, Qross, Fəxrəddin, Oktay Eloğlu, Hacı Murad, Muraveyka, Eldar və başqaları, xaraktercə bir-birinə oxşamayan, tam ayrı-ayrı səpkidə, amplualarda olan obrazlardır. Məhərrəm Musayev bu rolları elə ustalıqla yaradırdı ki, təkcə tamaşaçılar yox, teatr mütəxəssisləri də onun haqqında böyük həvəslə danışırdılar.
Məhərrəm Musayevin oynadığı həmin rollar və quruluş verdiyi tamaşalar lentə çəkilsəydi, bu gün bu aktyor və rejissorun böyük bir canlı arxivi gələcək nəsillərimiz üçün ərmağan kimi qalardı. Və belə bir fitri istedadlı aktyora bu vaxta kimi, fəxri ad verməyənləri, tamaşaçılar ciddi tənbeh edərdələr. Və tələb edərdilər ki, “əgər üç-dörd il səhnədə çalışan və elə də maraqlı rollar oynamayan aktyora fəxri ad verilirsə, ömrünün 50 ilini səhnəyə həsr edən, böyük bir rollar qalereyası yaradan, 10-dan çox tamaşaya maraqlı quruluşlar verən Məhərrəm Musayev niyə bu vaxta kimi, özünün layiqli qiymətini, haqqını almayıb? Niyə Məhərrəm Musayev kimi, əyalətdə işləyən sənətkarlar uzun illər Mədəniyyət Nazirliyi tərəfindən unudulub? Niyə onlar fəxri adlardan və Prezident mükafatından, Prezidentin Fərdi Təqaüdündən kənarda qalıblar? Belə haqsızlıq olarmı?..”
Əfsus ki, həmin tamaşalar çəkilməyib. Çünki o vaxtlar Azərbaycan Dövlət Televiziyasına rəhbərlik edənlər burnunun ucundan uzağı görə bilməyən və teatrlara, tamaşalara qarşı laqeyid adamlar idi. Buna görə də bölgə teatrlarına qarşı biganə idilər... Bu yolla, belə düşmənçiliklə onlar görün neçə maraqlı tamaşaların tarixdə qalmasının qarşısını aldılar... Özü də təkcə Lənkəran teatrında yox, bütün bölgə teatrlarında...
Tale elə gətirdi ki, Məhərrəm Musayev 2000-ci ildən Bakıya köçdü. Daha doğrusu, özünün dediyi kimi, “uşaqları paytaxtda təhsil aldıqlarına görə, Ləkərandakı evini ehtiyac ucbatından satıb, Bakıda kirayənişin yaşayaraq, övladlarının yanında olmağı üstün tutdu”. Elə həmin ildən də tələbə yoldaşımız Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında aktyor kimi işə başladı.
Hüseynağanın quruluşunda bir neçə tamaşada maraqlı rollar yaratdı. Artıq Bakıda işləyəndə onu kino rejissorları da gördülər. Təbii və inandırıcı aktyor kimi bəyəndilər. Beləliklə, bir-birinin ardınca o, bir çox kinolarda, teleseriallarda çəkilməyə başladı. Bu gün Məhərrəm Musayevin aktyor bioqrafiyasında 40-dan çox kino obrazı var. Hər biri də bir-birindən maraqlıdır. Baxmayaraq ki, bu rolların çoxu epizodikdir, amma yadda qalandır və tamaşaçının ürəyinə yatımlıdır.
Heç vaxt təsəvvür etmirdim ki, nə vaxtsa mənim quruluş verdiyim tamaşalarda Məhərrəm bəy də oynayacaq. Tale qismət verdi ki, ali məktəbi bitirdiyimiz vaxtdan 28 il keçəndən sonra, mənim özümün qələmə aldığım, 1985-ci ildə SSRİ dramaturqlarının müsabiqəsinin qalibi olan və 2003-cü ildə quruluş verdiyim “İnan mənə” tamaşasında onunla Dövlət Gənclər Teatrında aktyor və rejissor kimi işlədik. O, bu tamaşada, çox xarakterik olan və yalnız bir epizodda görünən, Eksperimental Klinikanın müdiri, professor Əmirov rolunda çıxış etdi. Məşq prosesində mən Məhərrəm Musayevin maraqlı axtarışlarını görür və ona yeni-yeni tapşırıqlar verirdim. O da, bu tapşırıqları böyük həvəs və yüksək ustalıqla yerinə yetirirdi. Məhz buna görə də tamaşaların gedişində Məhərrəm Musayevin oynadığı professor Əmirov tamaşaçıların yaddaşında qaldı və onun yalnız bir epizodda yaratdığı bu obraz, o, səhnədən çıxan vaxtı həmişə sürəkli alqılşarla qarşılanırdı. Sonra bizim onunla ikinci müştərək işimiz istedadlı yazıçı-dramaturq, mərhum Zeydulla Ağayevin, məşhur ingilis yazıçısı Somerset Moemin “Əyilməzlik” povestinin motivləri əsasında yazdığı “Haray” pyesindəki Müsyo Perye obrazı oldu. Pyesdə az sözü olan, lakin bütün tamaşa boyu səhnədə olan, “ipə-sapa” yatmayan qızı Anetə nəsihət verən Müsyo Perye - Məhərrəm Müsayev bu rolu o qədər təbii və inandırıcı oynayırdı, bəzən mən yaddan çıxarırdım ki, bu tamaşanın rejissoruyam və onun oyununa tamaşaçı kimi maraqla baxırdım. Əsasən də o, sözsüz səhnələrdə daha maraqlı görünürdü. Çünki qızının faciəsi bir ata kimi ona çox təsir edrirdi. Hətta qızına alman faşistilarıni təhqir etməməyi yalvara-yalvara ondan xahiş edirdi. Anetin-qızının ölüm səhnəsini isə o, bir ata kimi çox böyük dəhşətlə tamaşaçılara göstərirdi. Bu səhnədə o, heç bir söz demirdi. Amma daxili monoloqla bu faciəni tamaşaçılara yüksək səviyyədə, peşəkarlıqla çatdırırdı. Onun hönkür-hönkür ağlamasına tamaşaçı zalındakı tamaşaçılar da doluxsunur və ağlayırdılar. Bax, budur aktyorun böyüklüyü, peşəkarlığı...
Bu gün Azərbaycan teatr səhnəsində sözsüz səhnələri inandırıcı oynayan aktyorlar təəssüf ki, çox azdır. Çünki sözsüz səhnəni oynamaq üçün aktyordan böyük peşəkarlıq, yüksək daxili monoloq qurmaq bacarığı və səhnədə təbiilik daha çox tələb olunur. Məhərrəm Musayev də bu gün Azərbaycan teatrında bu işin ustası olan 10-15 sənətkarlardan biridir. Bizim Dövlət Gənclər Teatrında onunla üçüncü işimiz daha çətin olub. Belə ki, mənim quruluş verdiyim, klassik rus dramaturqu Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” qrotesk-oyun, satirik komediyasında Məhərrəm Musayev birdən-birə iki və bir-birindən kəskin surətdə fərqlənən rollar oynadı. General Varravin və kapitan Polutatarinov. Bu rolları vaxtı ilə Rusiyanın ən tanınmış, klassik, nəhəng aktyorları ifa ediblər. Hansılar ki, bu gün Rus teatr tarixində sayılıb-seçilən aktyorlar kimi qalıblar. Bir vaxtlar Moskvada özünün yaratdığı teatrda bu rolları, bizim Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, Rasim Ocaqovun çəkdiyi “İstintaq” və başqa kinofilmlərdən tanıdığımız məşhur aktyor Aleksandr Kalyagin oynayıb.
Məhərrəm Musayev özünün təbii aktyor oyunu ilə hər iki rolu yüksək obraz səviyyəsinə qaldıra bildi. Və rejissor kimi təkcə məni yox, həm də tamaşaya baxan teatr mütəxəssislərini tam qane edirdi. Onlar üçün Məhərrəm Musayev böyük bir tapıntı idi. Amma bəzi qara qüvvlər, cılız hisslərlə yaşayanlar nə “İnan mənə”, nə “Haray”, nə də “Tarelkinin ölümü” tamaşalarının Dövlət Gənclər Teatrı ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı birləşəndə bu teatrın repertuarına düşməsinə heç cür imkan vermədilər. Bununla mənə və həmin tamaşalarda oynayan aktyorlara, aktrisalara böyük bir zərbə vurdular...
Ən dəhşətlisi bu oldu ki, Dövlət Gənclər Teatrının heç bir tamaşasını teatrlar birləşəndə Dövlət Milli Gənc Tamaşaçılar teatrının repertuarına daxil etmədilər. Repertuar yalnız Milli Gənc Tamaşaçılar və Kamera Teatrının tamaşaları əsasında quruldu. Ola bilər oxucular buna inanmasın. Amma bu, həqiqətdir. Həmin vaxtı bu teatra rəhbərlik edənlər elə bu çirkin əməllərilə Dövlət Gənclər Teatrını tarixdən əfsus ki, sildilər...
Dövlət Gənclər Teatrında bizim Məhərrəm bəylə son işimiz Əməkdar incəsənət xadimi Hidayətin yazdığı və mənim teatr üçün yenidən işlədiyim “Məhəbbət yaşayır hələ” tamaşasındakı baş rol Əliş Vəlişoviç oldu. Məhərrəm bu rolu da özünəməxsus ustalıqla yaratdı. Səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Çünki o, bu rolu obraz səviyyəsinə qaldırıb, qəhrəmanının iztirablarını, düşdüyü çətin vəziyyətlərdən necə çıxmağın yollarını təbii formada düşünürdü. O, həqiqətən tamaşaçının gözü qarşısında iztirablar keçirir, düşdüyü axmaq vəziyyətdən çıxmaq yollarını axtarırdı...
2009-cu ilin may ayında Dövlət Gənclər Teatrı, Azərbayan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, bizim Məhərrəm Musayevlə işlərimiz artıq bu teatrda davam elədi. Bu teatrda təkcə mən yox, teatrın rejissorları, Xalq artistləri Cənnət Səlimova, Vaqif Əsədov da ona bir-birindən maraqlı rollar verdilər.
Bu teatrda bizim Məhərrəm Musayevlə ilk işimiz, bu yaxınlarda haqq dünyasına qovuşan, çox maraqlı yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında onun oynadığı çox xarakterik Şəmi obrazı oldu. Həddindən artıq xarakterik bir rol olan Şəmini Məhərrəm Musayev yüksək peşəkarlıqla yaratdı. Onun oynadığı bu rol təkcə teatr mütəxəssislərinin yox, həm də tələbkar tamaşaçıların çox xoşuna gəlirdi. Onun səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışla qarşılanırdı. Birinci Qarabağ Müharibəsinə həsr olunan və həmişə anşlaqla gedən bu tamaşanı da teatrın keçmiş rəhbərliyi bilmirən neyçünsə teatrın repertuarından çıxartdı...
Məhərrəm Musayev bu gün ömrünün çox maraqlı illərini yaşayır. Amma teatrdan uzaq düşməsi onu mənəvi cəhətdən çox sarsıdır. Bu, ona çox pis təsir edir. Axı o, bu gün teatrda çox lazımlı aktyordur. Amma “Yaş senzi” adlı oyunu ortaya atan nadanlar, məmləkətimizin belə istedadlı çoxlu aktyorlarını, aktrisalarını səhnədən uzaqlaşdırıblar... İnanıram ki, bu oyun tezliklə aradan götürüləcək və Məhərrəm Musayev kimi istetadalı aktyorlar, aktrisalar Azərbaycan teatrının gələcək uğurları naminə yenidən teatrlara qaytarılcaq. Məhərrəm bəy də bundan sonra biri-birindən maraqlı rollar oynayıb, tamaşaçıları, teatr mütəxəssislərini və dostlarını sevindirəcək.
Məşhur “Santa Barbara” teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı “Ağabəyovlar” teleserialının yalnız birinci seriyasına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəmə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: “Bu aktyor peşəkar ustadır və Azərbaycan üçün böyük tapıntıdır. O, Azərbayanda Konstantin Sergeyeviç Stanislavskinin yaşama məktəbinin çox yaxşı yetirməsidir”.
İstəyirdim ki, Məhərrəm Musayev haqqında fikirlərimi elə burada da tamamlayım. Amma onunla etdiyim söhbət və verdiyim suallara Məhərrəm bəyin lakonik cavabları məni məcbur elədi ki, fikirlərimi daha əhatəli yazım.
-Məhərrəm bəy, siz niyə məhz Lənkəran Dövlət Dram Teatrına işləməyə getdiniz? Axı imkan vardı ki, siz Bakı teatrlarında da işləyə bilərdiniz.
-Mən özüm cənub bölgəsindən olduğuma görə tələbə yoldaşlarım Sabir Məlikov, Elxan Qurbanov və Nadir Hüseynovla birlikdə ora işləməyə getdik.
- Peşəkar səhnədə ilk rolunuz yadınızdadırmı?
- Əlbəttə. “Soldat Şveykin macəraları” tamaşasında Smulyantı oynamışam. Bu rolum teatr rəhbərliyinin xoşuna gəldiyinə görə, Anatoli Safronovun “Qəribə doktor” tamaşasında əsas rol olan Muraveykanı mənə verdilər. Deyilənə görə, bu rolu da pis oynamadım.
-Artıq ilk tamaşalardan özünüzü maraqlı aktyor kimi sübut etmişdiniz və birdən-birə rejissorluğa meyliniz yaranıb. Bu, nədən yarandı?
-1983-cü ildə biz, Lənkəran teatrı ilə Bakıya qastrola gəldik. Bakıda dörd tamaşa oynadıq. Mən həmin tamaşalardan ikisində oynayırdım. Bu dörd tamaşadan sonra həmin tamaşaların Bakıda geniş müzakirəsi oldu. Məşhur teatrşünaslar Cabir Səfərov, Novruz Təhməzov tamaşalarımız haqqında xoş sözlər dedilər. Mənim aktyor oyunum haqqında daha maraqlı fikirlərini bildirdilər. Bu da teatrda baş rejissor başda olmaqla, aparıcı aktyorlar arasında mənə qarşı böyük qısqanclıq yaratdı. Həmin vaxtdan sonra mənə üç il teatrda rol verilmədi. Ona görə də belə qərara gəldim ki, Moskvaya gedib iki illik rejissorluq təhsili alım və özüm tamaşalar hazırlayım və həmin tamaşalarda da oynayım. Beləliklə, Moskvaya gedib, rejissorluq təhsili aldım və yenidən Lənkərana qayıdıb, 10-dan çox tamaşa hazırladım. Həmin tamaşaların çoxunda elə özüm də rol oynadım. Hətta daha çox o aktyorlara rol verdim ki, onları teatrda aktyor hesab etmirdilər. Onlardan biri Rəhim Talışinski idi. O, heç bir aktyor təhsili almamışdı. Mən ona Süleyman Sani Axundovun “Tamahkar” pyesində baş rol olan Hacı Muradı verdim. Teatrın rəhbərliyi buna etiraz etdi. Amma mən sübut etdim ki, düz fikirləşmişəm. Rəhim Talışıinski bu rolu çox yaxşı oynadı və bundan sonra o biri rejissorlar da ona rollar verməyə başladı. Bu tamaşanın uğurundan sonra teatr rəhbərliyi xahiş etdi ki, mən daha çox tamaşalar hazırlayım.
-İki il Moskvada rejissorluq təhsili alan Məhərrəm Musayevin yaddaşında bu şəhər və müəllimləri necə qalıb?
-Mən baxmayaraq ki, Mark Zaxarovun kursunda təhsil alırdım, amma Oleq Yefremovun da, Valeriy Fokinin də dərslərinə gedirdim və öyrənmək istəyirdim ki, Moskvada teatrlar necə işləyir? Tamaşaçıları teatra necə cəlb edə bilirlər? Bilirsiniz ki, Moskva, dünyada ədəbəiyyatın və incəsənəti beşiyi sayılan ən məşhur şəhərlərdən biridir. Elə orada yalnız tamaşalara baxmaq, məşhur yazıçılarla təmasda olmaq özü böyük inkişaf deməkdir. Mənim müəllimim vardı Rubenşteyn. Deyirdi ki, “ Moskvada qal. Burada daha yaxşı inkişaf edə bilərsən”. İndi başa düşürəm ki, orada əsl sənətkara daha yaxşı qiymət verirlər. Azərbaycanda isə əsl istedadlı insanlar daha çox əziyyət çəkirlər. Bunu görəndə böyük teatr islahatçısı K. S. Stanislavskinin bu sözləri yadıma düşür: “İstedadlıları qoruyun. İstadadsızlar isə özlərinə daha asanlıqla yol tapa bilirlər”. Bax, bu gün bizim məmləkətdə istedadsızlar “at oynadırlar”...
-Bəs niyə sonra rejissorluğu davam etdirmədiniz?
-Çünki aktyorluğa marağım daha çox idi. Və həmin tamaşalardan sonra rejissorlar mənə demək olar ki, bütün tamaşalarda rollar verirdilər. Rejissor kimi tamaşalar hazırlamaq və rollar oynamaq çox çətin olduğuna görə mən ikincini daha üstün tutdum. Ona görə də Lənkəran Dövlət Dram Teatrında işlədiyim 25 il müddətində 80-dən çox rollar oynadım.
-Lənkəranda həm teatr və həm də ictimaiyyət arasında sayılıb-seçilən Məhərrəm Musayev, 2000-ci ildə Bakıya gəldi. Bu nədən yarandı?
-Övladlarımın üçü də Bakıda ali məıktəblərdə təhsil alırdılar. Mən də ailəcanlı olduğuma görə istəmədim ki, övladlarım Bakıda tək qalsınlar. Ona görə də Bakıda kirayə ev tutdum və həyat yoldaşımla biz də Bakıya köçdük. Beləliklə, mənim Bakı həyatım başladı. Artıq 25 ildir ki, bakılıyam... Amma heç cürə bakılı ola bilmirəm. Tea-tez Masallıya, doğulduğum Şərəfə kəndinə gedirəm. Çünki ata ocağı məni özünə çox çəkir. Orada özümü sərbəst hiss edirəm. Atamın, anamın, böyük oğlum Xəyalın da məzarı Şərəfə qəbistanlığındadır... ( Bu sözlərdən sonra o, susdu və uzaqlara baxdı...)
- Mokvada rejissorluq təhsili alan və dünya teatrı haqqında lazım olan qədər oxuyan, biliyi olan Məhərrəm Musayevin bugünkü Azərbaycan teatrına, tamaşalardakı aktyor oyununa baxışı, münasibəti necədir?
-Dünya şöhrətli rejissor Robert Sturua özünün 4-5 tamaşasını Bakıya gətirmişdi və Akademik Musiqili Komediya teatrının binasında gürcü aktyorları bu tamaşaları oynadılar. Yadınıza gəlirsə biz birlikdə gedib həmin tamaşalara baxdıq. O tamaşalar mənim daha çox xoşuma gəldi. Niyə xoşuma gəldi? Bunun sirri nədədir? Ona görə ki, Robert Sturua aktyorları səhnəyə danışmağa yox, iş görməyə çıxartmışdı. Mən də həmişə aktyorlara deyirəm ki, səhnəyə danışmaq üçün çıxmaq lazım deyil. Aktyor səhnəyə iş görmək üçün çıxmalıdır. Mən Moskvada təhsil alanda orada müəllimlərimiz biz, gələcəyin rejissorlarına bunu öyrədirdilər. Elə aktyor sözünün də mənası yunanca “iş görən” deməkdir. Yadıma glir ki, biz Moskvada Yermolov Teatrının baş rejissoru Valeriy Fokinin yanına gedəndə o, bizə məşhur rejissor Corc Srellerin məşqlərinin lentini gösrərirdi, orada bir maqalı yer vardı. Corc Sreller dünən elədiyi məşqləri aktyorlar ona gösrəndə, bir yer vardı aktyorları saxlayıb belə deyirdi: “ Bu mizanları sizə kim deyib? Bu mizanları sizinlə kim qurub?” Aktyorlar deyirdi ki, dünən siz özünüz belə qurdunuz. Sreller də onlara deyirdi: “Dünən mən səhv eləmişəm. Bu gün həmin mizanları və hərəktləri yenidən quracam”.
-Yaxşı yadıma saldın. Realist, yaşama teatr məktəbinin yaradıcılarından biri olan məşhur rejissor, dramaturq Vladimir İvanoviç Nemiroviç Dançenko da səhər məşqə gələndə dünən elədiyi səhvləri görüb, zarafala belə deyirmiş: “Bunu hansı istedadsız rejissor sizinlə qurub?” O, həmin mizanları dəyişirmiş və aktyorlara da yeni-yeni tapşırıqlar verirmiş. Hər gün də onları məcbur eləyirmiş ki, məşqlərə yeni fikirlərlə gəlsinlər. Öz üzərlərində ciddi işləsinlər. Çünki yaradıcı insan özündən razı və müşdəbeh olsa, elə həmin dəqiqə də onun yaradıcılığı dayanır...
- Əlbəttə. Əsl aktyor dramaturqun yazdığı sözlərdən səhnədə vəziyyətləri tamaşaçıya çatdırmaq üçün bir vasitə kimi istifadə etməlidir. O, öz rolunun müəllifi olmalıdır. Çox təəssüf ki, bizim Azərbaycan teatrlarında bu demək olar ki, yoxdur. Tamaşaların çoxunda aktyorlar səhnəyə söz demək üçün çıxırlar. Biri səhnənin bu başında, o biri o başında dayanıb yalnız sözləri deyirlər. Ona görə də tamaşaların çoxu darıxdırıcı olur. Əgər belədirsə onda tamaşaçı gedib həmin pyesi evdə oturub oxuya bilər də. Daha o, teatra niyə gəlir? Tamaşada canlı ifa yoxdursa o tamaşa deyil. Məhz buna görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır. Yadınıza gəlirmi sizin hazırladığınız tamaşalar- “İnan mənə”, “Haray”, “Tarelkinin ölümü”, “Məhv olmuş gündəliklər, “Məhəbbət yaşayır hələ”, “Əcəl atı” niyə tamaşaçılar tərəfindən maraqla qarşılanırdı? Ona görə ki, həmin tamaşalarda bütün aktyorlar, aktrisalar səhnəyə söz demək üçün yox, iş görmək üçün çıxmışdılar. Deməli, bütün bunlar da ilk növbədə rejissordan irəli gəlir. Əgər rejissor, dramaturq, böyük teatr islahatçısı, sizin bayaq dediyiniz Vladimir İvanoviç Nemiroviç-Dançenko deyən kimi, “əgər rejissor aktyor üçün güzdü, ideyaverən və onu öz ardınca apara bilən olmasa həmin tamaşa lazım olan səviyyədə alınmayacaq” sözlərinə əməl etməsə böyük uğur qazana bilməz. Rolun aktyor tərəfindən öbraz səviyyəsinə qalxması üçün onun səhnəyə niyə çıxması, səhnədə kiçik məqsədləri, ali məqsədi və gördüyü hansı işlər olmalıdır suallarını o, dəqiq bilməlidir. Əgər o, bu sualların dəqiq cavabını bilsə onda tam, kamil bir obraz yaradacaq. Teatrların da əsas məqsədi repertuara yüksək səviyyəli, tamaşaçını düçündürən, onun daxilidə olan suallara cavab verə bilən pyesləri seçməlidir və tamaşaya hazırlamalıdır. Əgər belə olsa həmin teatra tamaşaçılar daha çox gələcək. Ona görə də bu gün günah tamaşaçılarda yox, teatrların özündədir. Teatr yaxşı tamaşa hazırlasa, həmin tamaşalara tamaşaçı hökmən gələr. Mən bunu əminlikdə deyirəm. Tamaşaçıların teatra gəlməməsinin əsl günahkarı elə teatrların özüdür. Teatr insanlara gələcəyi göstərən, onların tərbiyəsi ilə məşğul olan məktəbdir. Məbəddir. Burada çalışan insanlar da həm daxilən və həm də xaricən təmiz, pak olmalıdırlar. Əgər belə olmasa, çətin ki, bu sahədə uğurlar qazanmaq olar.
-Ömrünün təxminən 50 ilini peşəkar teatra həsr edən Məhərrəm Musayev bu vaxta qədər Xalq artisti olmalı idi. Amma hələ heç Əməkdar artist də deyil. Bu, sizə pis təsir etmirmi?
-Əlbəttə, pis təsir edir. Amma mən bu vaxta qədər fikirləşirdim ki, yəqin mənim də əməyimi görüb qiymətləndirəcəklər. Lakin hər dəfə fəxri adlar veriləndə nə üçünsə mən yaddan çıxıram. Və belə fikirləşirəm ki, indiki zamanda ölünün də dirinin də sözü ötən, sayılıb-seçilən adamı, yiyəsi olmalıdır. Belə olsa, həmin adam üçün bütün yollar, qapılar açılır. Mən isə fikirləşirəm ki, bu vaxta kimi bu qədər iş görmüşəm. Bundan sonra daha nə iş görməliyəm ki, mənim əməyimi qiymətləndirsinlər? Mənə fəxri ad versinlər. Axı mən bu vaxta qədər elə əməkçi olmuşam də. Belə ki, 100-dən artıq tamaşalarda rollar oynamışam. 40-dan çox kinofilmlərdə, teleseriallarda çəkilmişəm. İran İslam Respublikasının çəkdiyi filmlərdə çəkilmişəm. Maraqlı rollar oynamışam. Axı mən zəif aktyor olsaydım, iranlılar məni filmlərə çəkməzdilər. İngiltərədən, Rusiyadan gələn rejissorlar “Mən səni sevirəm Bakı” kinosunda məni böyük həvəslə çəkdilər. Özü də 10 aktyorun arasından məhz məni seçdilər. Onların arasında Xalq artistləri, Əməkdar artistlər də vardı. Məşhur Nobel qardaşları haqqında çəkilən kinofilmdə də çəkilmişəm.
Mən bir şeyə çox təəssüflənirəm ki, bizim sənəti başa düşüb, qiymətləndirən adamlar çox azdır. Buna təəsüf etsəm də kədərlənmirəm. Sadəcə fikirləşirəm ki, nə etmək olar, mən də nadanlığın tüğyan etdiyi dövrdə, zamanda yaşayıram. Özü də elə bir dövrdə ki, yağla şorun qiyməti eynidir... ( O, susdu və daha heç nə demədi...).
P. S. Beləcə biz, Məhərrəm Musayevlə sualları da burada tamamladıq. Amma bizim onunla hələ bir çox yaradıcılıq işlərimiz vardı. Əfus ki, onu teatrdan “Yaş senzi” ilə uzaqlaşdırıdılar... Amma onun oynamaq istədiyi çoxlu rollar vardı. İnanıram ki, tanınmış kino rejissorları onu quruluş verdikləri kinofilmlərdə baş və əsas rollara dəvət edəcəklər. Məhərrəm bəy sevimli aktyor işindən kənrada qalmayacaq. Kinofilmlərdə rollar oynayacaq.
Bəs görəsən Azərbaycan Mədəniyyət Nazirliyi nə fikirləşir? Əgər bu vaxta qədər onun layiq olduğu fəxri adlar və mükafatlar bu günə qədər ona verilməyibsə, indi Mədəniyyət Nazirliyi onun layiq olduğu haqqını verəcəkmi?
Artıq Azərbaycan mədəniyyətinə cənab Adil Kərimli kimi çox bacarıqlı, savadlı, yüksək təşkilatçı və mədəniyyəti, incəsənəti yüksək səviyyədə bilən nazir rəhbərlik edir. İnanıram ki, Məhərrəm Musayev kimi, layiqli sənətkar da tezliklə yada düşəcək. Mən, buna tam inanıram. Çünki haqq-ədalət tezliklə öz yerini tapmalıdır. Axı haqqın-ədalətin qarşısını almaq özü, tarix qarşısında böyük günahdır. Bu, heç vaxt bağışlanmır...
Həzrəti Əlinin belə bir maraqlı kəlamı var: “Ədalət, Yer üzündə Allahın tərəzisidir”. Deməli, hər iş ədalətlə həll olunsa, Ulu Tnarının da həmin məmləkətə nəzər -diqqəti çox olar.
Şəkillərdə:Qapaq şəklində: Məhərrəm Musayev; İç şəkillərdrə: Məhərrəm Musayev səhnədə; Ağalar İdrisoğlu.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)