“O OLMASIN, BU OLSUN” - İlk rəngli filmimiz barədə Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Tədqiqatçılar qeyd edirlər ki, 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. Çünki kinoteatrlarda Azərbaycan kino tarixində ilk rəngli bədii film olan  "O olmasın, bu olsun” filmi nümayiş etdirilirdi. Müxtəlif mənbələrdən istifadə etməklə həmin film barədə yığcam məlumatları diqqətinizə təqdim edirik.

 

Dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru “Korğolu”, “Yenilməz batalyon”,"Dəli Kür”, “Var olun, qızlar”, "Qayınana” və s. kimi bənzərsiz ekran əsərləri yaratmış Hüseyn Seyidzadə idi. Quruluşçu operatoru Əlisəttar Atakişiyev, quruluşçu rəssamı Cəbrayıl Əzimov, Nadir Zeynalov, musiqi redaktoru və dirijoru Fikrət Əmirov idi.

 

Həmin film H.Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Film onun bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoymuşdur. Zatən, bu vaxtadək Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından idi. Təsadüfi deyildir ki, Z.Fərəcova “Azərbaycan” qəzetində çap olunmuş “Azərbaycanın ilk rəngli bədii filmi - “O olmasın, bu olsun” adlı yazısında qeyd edir ki, “O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox Hüseyn Seyidzadənin filmlərinə üstünlük veriblər. Hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət edib: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”- deyib”. 

"O olmasın, bu olsun” filmi Azərbaycan kinosunda bir inqilab idi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kinoqalereyası" idi. Məşhur və tanınmış aktyorlar - Əliağa Ağayev (Məşədi İbad), Arif Mirzəquluyev (Sərvər), Tamara Gözəlova (Gülnaz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat Şəkinskaya (Sənəm), İsmayıl Osmanlı (Rza bəy), İsmayıl Əfəndiyev (Həsənqulu bəy), Mustafa Mərdanov (Həsən bəy), Möhsün Sənani (Qoçu Əsgər), Lütfəli Abdullayev (Balaoğlan), Əhməd Əhmədov-Rumlu (Hambal), Adil İsgəndərov (Qoçu), Rza Əfqanlı (Cəlil Məmmədquluzadə), Sadıq Saleh Bağırov (Mirzə Ələkbər Sabir), Həsənağa Salayev (Əzim Əzimzadə), Münəvvər Kələntərli (Yengə), Lütfi Məmmədbəyov (Sərvərin dostu), Müxlis Cənizadə (Sərvərin dostu) və başqaları ekran əsərində bir-birindən maraqlı rollar ifa ediblər. Filmdə Məşədi İbadın mahnılarını Mirzə Babayev, Gülnazın mahnılarını isə Firəngiz Əhmədova ifa ediblər.

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz” muğamını ifa edib. Başqa bir səhnədə isə xanəndə Tükəzban İsmayılova "Segah” muğamı üstündə oxuyub. Rəqqasə Əminə Dilbazi, tarzən Bəhram Mansurov, kamança ifaçısı Tələt Bakıxanov da filmdə iştirak ediblər.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, sevginin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, başqa mürtəce obrazlar da öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər (hətta respublika mətbuatında "Müvəffəqiyyətsiz film” başlıqlı resenziya da çap olunmuşdu) olsa da, bazarda qoçuların davası, Baloğlanın pilləkəndə yıxılması, Rüstəm bəyin evindəki qalmaqal və hamam səhnələri tənqid olunsa da, bunlar filmin müvəffəqiyyətinə kölgə sala bilmədi. Filmin quruluşçu rejissoru H.Seyidzadə bu iradlara tutarlı cavab vermişdi. Məsələn, o, Baloğlanın pilləkəndə yıxılması epizodu haqqında deyirdi: “Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Rüstəm bəy olsa da, o artıq müflisləşib, “quru bəy”dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin – feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalıdır ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun…” 

Bizim şəxsi fikrimizcə də, filmdə artıq, məna kəsb etməyən heç bir epizod yoxdur. “O olmasın, bu olsun” kinomuzun şedevridir.

Bədnam ermənilərin də musiqisinə tamah saldıqları və oğurlamağa dəfələrlə cəhd etdikləri bu film çox sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. 

Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilərək Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxdılar. 

Filmin uğurları sonrakı illərdə də davam etdi. Elə bu son illərə toxunaq. 2016-cı ildə Meksikanın Mexiko şəhərində Azərbaycan kinosu günləri çərçivəsində nümayiş olunan ekran əsəri maraqla qarşılanıb.

Deməli, 68 il əvvəl çəkilmiş "O olmasın, bu olsun" bu gün də dünyanı dolaşmaqdadır. Hələ uzun illər də dolaşacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.