145 yaşlı Şəki teatrı... Və doğma tanışım - özüm... Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

İyirmili yaşlar... Əslində, həyatı bütün romantikasıyla yaşaya bilənlər üçün yaşın fərqi yoxdur. Ya da bu cümlə mənim kimi, 40-a “salam” verməyə tələsənlərin təsəllisidir. Əlimin “əl” olduğunu biləndən yazıram. Köhnə mişar daşları bərk olurdu, birtəhər qırırdıq, içinin ən ağ yerindən götürüb daşa-divara şəkillər çəkirdik, yazı yazırdıq. Ən sevimli “lövhəm” pilləkənimizin böyründəki paslı dəmir idi; ağ mişar daşı qırığıyla nə yazsam da, yaş parça ilə silmək şansım vardı. Başqa uşaqlar divarları yazanda anaları çığırırdı, əllərinə vururdu-görürdüm. Mənim anam isə hər çəkdiyimizə, hər yazdığımıza heyranlıqla baxar, bizi öyərdi. Bir dəfə belə, “bu divar, bu daş səndən qiymətlidir” hissini yaşatmadı bizə. Təşəkkürlər, anam!

İyirmili yaşlardan danışırdım... Region televiziyalarından birində redaktor işləyirdim. İşimin adı bir masa, bir kompyuter idi. İşimin əsli isə bütün süjetlərin,  müsahibələrin, canlı efirin qonaqlarının arxasınca yüyürmək, efiri günün mövzusuna uyğun təşkil etmək idi. Səhər verilişində hər şənbə teatr günü idi. Aparıcının kameraya baxaraq “dediyi” cümlələri yazırdım. Bir azı, belə deyim, dəryadan damlası qalıb o cümlələrdən məndə. Məsələn, yazmışam: “Həyat səhnəsində istəsək də, istəməsək də öz rolumuzu oynamalıyıq. Fərqi yoxdur, faciənin, yoxsa komediyanın qəhrəmanıyıq. Fərqi yoxdur, bu günün sabahında yeni bir əsər yazılacaq taleyin əliylə. Fərqi yoxdur, orada insanlara bölünən rollar da bugünkü xarakterdən fərqlənəcək. Amma oynayırıq bu səhnədə sevilə-sevilə, sevə-sevə, unuda-unuda, itirə-itirə, axtara-axtara... Tapanda sevinib, unudanda arxamıza baxmayıb ötürürük günləri bir-bir. Ömür tamaşasının baş rolunda da, ikinci planında da arzularımızın imzasını görürük. Ya günə sevinclə başlayarıq, ya da gün sevgimizlə başlar... Ən əsası odur ki, həyat səhnəsində uğurumuzu taleyimiz alqışlasın”.

“İyirmili yaşlarında taledən alqış gözləyən qız, hansı tamaşada baş rolun öhdəsindən gəldin?”-deyə soruşuram hərdən keçmişimə boylanaraq. Cavab yoxdur!

...Bir dəfə Rafiq Atakişiyevdən süjet hazırlamışdım. Xəstə idi sənət fədaisi, efirə gələ bilmirdi. Müxbirlərdən birini evinə müsahibə üçün göndərmək istəyirdim. Müxbiri qapıdan yola salırdım ki, müdiriyyətdən zəng gəldi: “Şəfa, Rafiq müəllim müsahibəni yalnız sənə verəcək. Deyir, məndən süjet hazırlayan qızı göndərin. Teatrı yaman sevir o!” Kövrəlmişdim...

...Bəhram Osmanov canlı efirin qonağı olacaqdı şənbə səhəri. Cümə günü institutdan dərsdən gələndə yolumu  rejissorun anasının evindən saldım. Ağ saçları taleyin amansız dramaturq olduğunu anladan o ana ağlaya-ağlaya tökmüşdü sandığını, Bəhram Osmanovun uşaqlıq şəkillərini tapıb çıxarmışdı, qabar əlləriylə sığallaya-sığallaya əllərimə əmanət etmişdi. Şəkilləri ertəsi gün Bəhram müəllimin özünə verəcəyimi deyərək studiyaya qaçmış, gecə ilə süjeti hazırlamışdım. Səhər efir başlamış, Bəhram Osmanov studiyada oturmuşdu. Süjet efirə gedəndən sonra “qonağa keçid” olurdu. Süjetin sonuna yaxın Bəhram müəllimin gözlərinin dolduğunu görüb efir operatoruna “reklama keç” işarəsi verdim. Dəqiqəyarımlıq reklam vaxtı Bəhram Osmanov məni yanına çağırdı və  özünü toxtadaraq dedi: “Anamı nə gözəl tanıyırsanmış!” “Hər səhər dərsə gedəndə yolda rastlaşıram...Bir-birimizə gülümsəyirik...”-dedim boynumu əyərək. “Sağ ol, qızım...”-pıçıldamışdı Bəhram Osmanov. Kövrəlmişdim...

Teatrı haradan tanıyırdım? Bilmirəm. Niyə sevirəm? Bilmirəm. Teatrın dəqiq tərifi varmı? Bilmirəm. Mən həmən o iyirmili yaşlarda həyatı teatr görən qızam, teatr da elə həmən teatrdır, hələ də... Tale, həqiqətən, amansız dramaturqdur!

 

***

...Bu il Şəkidə peşəkar teatrın yaranmasından 145 il ötür. “İgid ömrü” məfhumunu ölçən olubsa, desin, 145 ili bir də ömür-ömür hesablayaq. Şükür, mənə verilən ömürə Şəki teatrında tamaşalara baxmağı sığdırmışam.  Bu dəfə isə  teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli ilə söhbət üçün getdim sənət məbədinə.

Mirbala Səlimli Azərbaycan teatr və kino tarixində indidən öz izini qoymuş sənətkardır. 2009-cu ildə J.B.Molyerin “Xəsis” komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Sevgililərin cəhənnəmdə vüsalı” adlı tamaşa (İlyas Əfəndiyev) ona 2014-cü ildə Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatını qazandırıb. Bir il sonra TÜRKSOY-un təsis etdiyi “Haldun Taner” medalını Haldun Tanerin “...Və dəyirman dönərdi” tamaşasına görə alıb. “Odla qol-boyun” (2002) qısametrajlı filminin, “Şəki-tarixin naxışları” (2007) sənədli filminin, “Qırmızı bağ” (2016) filminin rejissorudur. Bir çox Beynəlxalq Film Festivalında uğurla iştirak edən, müxtəlif təltiflərə layiq görülən Mirbala Səlimli “Qırmızı bağ” filminin parlaq bədii həllinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatını da qazanıb.  2012-ci ildə Əməkdar incəsənət xadimi adını alan rejissor Prezident Mükafatı laureatıdır.

...Şəki teatrının pillələrini enəndə düşünürdüm: “Söhbətə nədən başlamalıyam? Bəlkə elə, sevdiyim aktrisanın soyadını soruşum qapıdan girən kimi?” Hə, dağlar övladı Şəkidə pillələr insanı üzüaşağı da, üzüyuxarı da mənzil başına aparır.  Sənət məbədinə bu dəfə başqa qapıdan daxil oluram. Dəhlizlər bir-birinin sözünü yarıda kəsir, qapılar küsmüş kimi, hərəsi bir ayrı tərəfə baxır. Bəyaz döşəməli bir dəhlizin o başından sevimli yazıçım Aqata Kristinin əsərlərindəki alatoranlıq göz dikir mənə. Gülümsəyirəm. Aqata xala da teatrı sevirdi!

...Mirbala müəllim bizi qarşılayır və salam-kəlamdan sonra ilk sözü bu olur: “Hər şeyin məktəbi olmalıdır! Teatrın da! Sizi indi bu mövsümün vokal məşğələlərindən sonuncusunu dinləməyə aparıram!”

Son məşğələ Bethovenin kanonlarından biri ilə başlayır. Səhnədə yan-yana düzülmüş məşğələ iştirakçılarına baxıram. Nəzərimi o cəlb edir ki, təkcə  teatr studiyasının tələbələri yox, peşəkar aktyor və aktrisalar da bu məşğələyə cəlb olunub.  Ardınca xalq mahnısı “Kəklik” oxunur.  İştirakçılar “Gəl, ovla məni” dedikcə düşüncəmdəki bənzətmə özümü də gülümsədir: “Gəl, düş sehrimizə, ay tamaşaçı!”  Xəyali tamaşanın kiçik bir epizodudur oxunan mahnı və mən bir tamaşaçı kimi sehirdəyəm artıq... Bir-birinin içindən halqalar şəklində keçən qadın və kişi səsləri arasındakı incə sərhəd... Bu sərhəddə ilişib qalan tamaşaçı...

Albinoninin “Adajio”sunda mənə tanış nəsə var. Amma bu “tanışım” məni hüznləndirir. Zehnimin ən alt qatlarında onu haradan tanıdığıma dair  bir xatirə gəzirəm. Və tapıram... Kamil Sen-Sans`ın “Ölülərin rəqsi”ndə gizlətdiyi hüzn idi pianinonun dillərində haray çəkən... Düşünürəm: “Kamil Sen-Sans`ın hamıdan gizlətdiyi o mübhəm kədəri bu qədər ucadan “söyləmək” cəsarətini haradan almışdı Albinoni?” Büründüyüm hüzndə həyatın faniliyi də var: “İndi “Adajio” bitəcək, bəşər övladı dönəcək öz reallığına...”

“Araz axır lil ilə...” oxuyur vokal məşğələsinin iştirakçıları. Araza gül atmağa doğru xəyali yolçuluğa çıxıram. Bələdçilərim Şəki Dövlət Dram Teatrının teatr studiyasının tələbələri, aktyor və aktrisalarıdır. Yolum bu ilin 26 mayından da keçir. Həmin gün yazıçı Təranə Vahid “Laçında nağıllar aləmində” başlığıyla bir şəklini paylaşmışdı feysbukda. Qırmızı rəngin hakim olduğu xalçanın yaşıla hökmü... Yaşılın qırmızıya “mənəm hökmdar!” iddiası... Bu iddia ilə məğlub olması...Xalçanın incə-incə naxışlarıyla öyünməsi... Sən demə, təbiətin dişiliyi yaşıl deyil, qırmızıymış! Sonuncu söz onun, daşdan keçən hökm onundur! Sarı təbiətin ölümü, qar bəyazlığı və qış bozluğu ölümdən sonrakı xatirələrdir. Və bütün bunların hamısı bağrında qırmızı ilə gözəlmiş!

“Ay Laçın!” oxuyur səhnədəkilər...Mən Laçını və Təranə Vahidi salamlayıram hansı duyğununsa üzümə çilədiyi təbəssümlə. Russonun “yalnız səyyah”ına dönürəm teatr studiyasındakı abu-havanın ortasında. Araza gül atdığım yerdə bir də görürəm ki, “Adajio”-“Ölülərin rəqsi” arasındakı əlaqə güzgüsünün o biri üzündən baxıram hər şeyə.

Şekspirin 2 sonetini gitaranın çılğınlığıyla dinləyərək düşünürəm: “Gitara və Şekspir? Təzad! Amma gözəl təzad!” Eh, məgər Şekspir çılğın olmasaydı, dünya tarixində qala bilərdi ki?!

 

***

            Mirbala Səlimli ilə söhbətimizə elə Şekspirlə davam edirik...

-Mirbala müəllim, Şekspirin bir əsərini hazırlayırsınız, hə?

            Müsahibim başıyla masasındakı kitablara işarə edərək gülümsəyir:

-Bəli. Şekspirin əsərini səhnəyə qoymaq haqqını müsabiqə yolu ilə qazanmışıq. Layihə hazırlanır, Mədəniyyət Nazirliyindəki ekspertlər şurasına təqdim olunur. Bizə düşən ən böyük vəzifə layihəmizi müdafiə etməkdir. Biz bunu bacardıq. Səhnəyə Şekspirin əsərini qoyuramsa, onun yaradıcılığı ilə bağlı kitabları tapıb oxumaq borcumdur. Bilməliyəm ki, o necə yazıb.  Mütləq mütəxəssislərin kitablarına baş vurmalıydım. Baxın, Anikst`in kitabı var burada. Şekspirin yaradıcılığını dərindən öyrənməliyəm ki, onun əsərinin səhnədəki həlli uğurlu olsun. Ən birinci, özüm razı qalmalıyam qurduğum tamaşadan.

-Vokal məşğələsi məndə o qədər gözəl təəssürat yaratdı ki...

-Şəki teatrı olaraq qarşımıza bir konsepsiya qoymuşuq: teatr-universitet. İstəyirik ki, həyatını teatra bağlamaq istəyən bütün gənclərə teatrın təkcə “tamaşa oynanan yer” olmadığını anladaq. Teatr məktəbdir. Düzdür, dramatik teatr üçün vokal  məşğələlərinin keçirilməsi o qədər də əsas deyil. Vokal məşğələsi musiqili teatra uyğundur. Amma bizim fikrimizcə, müasir aktyor həm səhnədə oxumağı bacarmalıdır, həm də gözəl plastik keyfiyyətlərə malik olmalıdır: rəqs etməlidir, obrazını dolğun şəkildə ifa etməlidir, müxtəlif hərəkətlərə fiziki hazırlıqlı olmalıdır.  Obrazın üzərində işləmək təkcə ondan ibarət deyil ki, aktyor obrazı dərindən öyrəndi, onun daxili aləminə nüfuz elədi, sözlərini əzbərlədi. Bunlar vacibdir, bəli, amma aktyor səhnədə canlı oxumağı da bacarmalıdır. Bir sözlə, müasir tamaşaçı tələbkardır və müasir aktyor onu sənətlə doyurmalıdır.  Bayaq özünüz də gördünüz ki, Şekspirin sonetləri oxundu.  Bir səslə deyil, iki, üç səslə oxudular. Eyni anda eşidilən iki, üç səs professionallıqdır.

-Repertuarınızda Brext də var. Təbrik edirəm! Məncə, professionallığın bir amili də güclü əsərə müraciət etməkdir.

-Repertuarımız zəngindir. “Epik teatr” üslubunun  yaradıcısı olan Bertolt Brextin  “Kuraj ana və uşaqları” əsərini müvəffəqiyyətlə tamaşaçılara ərməğan etdik. Mənim quruluş verdiyim tamaşa Şəkidə peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olundu. İlk dəfə idi ki, məhz bu tamaşada aktyorlarımız səhnədə canlı oxudular. “Epik teatr” üçün canlı səs önəmlidir. Sonqlar vasitəsilə hadisənin mahiyyətini açmaq aktyorların öz obrazından çıxmasıdır bir növ. Səhnədə mikrofonsuz, səsgücləndirici olmadan oxumaq Şəki teatrı üçün ilk idi. Bu ilkə imza atmaq bizim üçün çox xoş oldu! Aktyorlar canlı oxuyur, tamaşaçılar alqışlayır... Bundan böyük mükafat varmı?! Ümumiyyətlə, həmişə çalışırıq ki, hər mövsümdə tamaşaçıların qarşısına yeni tamaşalarla çıxaq. İndiyədək Şəkidə 3 dəfə Beynəlxalq Teatr Festivalı keçirilib-2014,  2016 və 2018-ci illərdə. Festivalın  zəncirvari şəkildə davam etməsi nəzərdə tutulmuşdu. Amma pandemiya səbəbiylə zəncir qırıldı. Bu il, nəhayət, ənənəni davam etdirmək qərarındayıq.

-145 illik teatr. Dildə demək asandır,  söhbət əsr yarım vaxtdan gedir...

-1879-cu ildə ilk dəfə Şəkidə professional milli teatr tamaşası göstərilib. Sayılıb-seçilən Şəki ziyalılarından olan Rəşid bəy Əfəndiyev öz gəncliyində Tiflisə gedib, Qori müəllimlər seminariyasında təhsil alıb. Həmin ərəfədə Axundzadə ilə görüşüb. Mirzə Fətəli Rəşid bəyə deyib: “Çox istərdim, vətənim Şəkidə əsərim oynanılsın”. Düzdür, bu arzusuna yetmək böyük mütəfəkkirə sağlığında qismət olmadı, amma Rəşid bəy sözünü tutdu. 1879-cu ildə Novruz bayramı ərəfəsində, bir barama anbarında Şəkidə ilk dəfə olaraq peşəkar tamaşa oynanılır: Axundzadənin “Hekayəti mərdi-xəsis”, digər adıyla “Hacı Qara” əsəri. Tamaşa haqqında hekayələr, söyləntilər çoxdur. Ən əsası odur ki, professional səhnə üçün yazılmış əsərin tamaşaya qoyulması beyinlərdə, düşüncələrdə partlayış effekti verib. Yazılı mənbələrdən öyrənirik ki, onadək də Şəkidə folklor teatrı, xalq teatrı olub,   zorxana olub. Axundzadənin əsərinin oynanması isə Şəkidə peşəkar teatrın əsasını qoyub. 1934-cü ildə Şəki teatrına dövlət statusu verilib.

-Şəkidə vaxtilə “darvaza teatrları”nın çox olduğu da deyilir. Nədir bu “darvaza teatrları”?

-O zamanlar “darvaza teatrları” da vardı, “ev teatrları” da. Hətta sovet dönəmində belə, “darvaza teatrları” fəaliyyət göstərirdi. Şəkidə darvazaların əksəriyyətinin tağlı olduğunu görmüsünüz. Həmin tağlı darvazaların içəri üzündə-həyətdə aktyorlar hazırlaşırdılar. Qohum-qonşu, kim istəsə özləriylə kətil gətirib küçəyə düzür, oturub darvazanın açılmasını gözləyirdilər. Darvaza açılır, tamaşa başlanırdı. Burada darvaza, bir növ, səhnə pərdəsi rolunda idi. Xalqın daxilindəki teatra olan sevgi “darvaza teatrları”nın uzunömürlülüyünün təminatı oldu. “Darvaza teatrları” haqqında mənə danışan çox adam olub. Hətta elə insanlar tanımışam ki, həmin tamaşalarda rol alıblar, yaxud aktyorlar üçün geyim hazırlayıblar. Onlarla həmsöhbət olmaq məndə xoş xatirələr qoyub...

-“Rejissor laboratoriyası”nın məqsədi nədir?

-Məqsəd ondan ibarətdir ki, gənc rejissorlar gördükləri/görəcəkləri işi incəliklərinədək bilsinlər. Məsələn; “rejissor laboratoriyası”nda gənc rejissorlarla birgə oturub əsəri oxuyuruq, müzakirə edirik,  səhnəyə qoyulacaq olanları seçirik. Sonra da başlayır həmin əsərin səhnəyə hazırlanması.

-Və bütün bu proseslərdə gənc rejissorlar sizdən ustad dərsləri alır. Şanslıdırlar.

            Mirbala müəllim təvazökarlıqla gülümsəyir və rejissorluqla bağlı söhbətinə davam edir:

-Rejissorluq çoxşaxəlidir. Dram əsərinin üzərində işləmək rejissor üçün böyük, çətin işdir. Hansı əsəri səhnəyə hazırlayırsansa, həmin əsərin elmi bazasına bələd olmalısan. Hər bir ciddi, uğurlu tamaşanın arxasında, belə deyək, rejissorun elmi işi durur. Hətta yay aylarında belə, biz  öyrənməkdə/öyrətməkdə davam edirik. Həftədə 2-3 dəfə yığılır, yeni əsərləri oxuyur, müzakirə edirik. Şəki Dövlət Dram Teatrında iki illik teatr studiyası çoxdan fəaliyyət göstərir.  Mədəniyyət Nazirliyinə mütəşəkkirik ki, daim bizə bu istiqamətdə maddi dəstək verir. İki il ərzində aktyora səhnə danışığı, rəqs, vokal öyrədilir, dramaturgiyanın əsasları, teatr tarixi ilə bağlı dərslər keçilir. Baş rəssamımız Sahib Əhmədov isə gənc rəssamlar üçün emalatxana təşkil edib. Ən  istedadlı rəssam belə, teatr rəssamı olmaq üçün bu istiqaməti bilməli, müəyyən biliklərə yiyələnməlidir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, teatr-universitet konsepsiyası bizim üçün çox önəmlidir.

-Sevdiyim aktrisanı da gördüm vokal məşğələsində. Mənimçün oxuduğum bütün klassik əsərlərdəki aktrisa obrazları Günay xanımın simasında, oyununda cəmlənib.

-Günay Novruzəliyeva bizim teatr studiyasının tələbəsi olub. Bir sözlə, bu teatrda başlayıb sənət yoluna, uğurla da addımlayır. Bizdə elə şey yoxdur ki, sən peşəkar aktyor, aktrisansa öz üzərində işləməməlisən. Aktyor həmişə formada olmalıdır-Xalq artisti olsun, Əməkdar artist olsun, fərqi yoxdur.  Teatr studiyalarına həm  gəncləri cəlb edirik, həm də öz aktyor heyətimizin fəaliyyətini təkmilləşdiririk.   

-Teatr studiyasına müraciət edənlər çox olar, məncə. Bəs sonda teatra könüllü təslim olan neçə nəfər olur?

-Tutaq ki, 30 nəfər gəlir, amma sonda baxırsan ki, 2-3 nəfər qalıb. Mən müraciət edənlərin heç birinə ilk gündən “get, teatr sənlik deyil” demirəm. Hər insan istedadla doğulur, hər insanda yaratmaq eşqi olur. Hamımızın bir  cığır açana ehtiyacımız olub yolun əvvəlində. Mən o cığırı açıram. Amma proses irəlilədikcə teatr özü başlayır seçməyə... Kim ki, bu fədakarlığa hazırdır, o, qalır. Bir nüansı da qeyd edim, bu studiyadan ali təhsilə addım atanlar da var. Hazırda ADMİU-da ali təhsil alan yetirmələrimiz var.

-Şəki teatrının müasir yazıçılarla əlaqələri hansı səviyyədədir?

-Bizə təqdim edilən əsəri, əvvəlcə, ədəbi hissə müdirimiz oxuyur. Sonra kollektivə təqdim edir. Əgər bir əsər 4 tələbə cavab verirsə, qəbul edirik. Birincisi, əsərin ideyasının əbədi, bəşəri olması. İkincisi, mövzunun aktuallığı. Üçüncüsü, kollektiv. Yəni, bizdə həmin əsəri səhnəyə qoyacaq kollektiv varmı? Dördüncüsü, tamaşaçı amilidir. Baxırıq ki, Şəki tamaşaçısı onu qəbul edəcəkmi?  İstər müasir ədəbiyyat nümunəsi olsun, istər klassika, əsər bu 4 tələbə cavab verməlidir. Bizə öz əsərini gətirən gənc müəlliflər də olur. Onlara əsərlərində nəyin çatışmadığını izah edirəm. Cəsarətlə deyə bilərəm ki, müasir dramaturq səhnəni bilmir. Qarabağın illərlə işğalda qalması, Xocalı soyqırımı ən ağrılı mövzularımızdandır. Bizə bu mövzuda əsər gətirilir, baxırsan ki, bədii əsərdir, mövzu bədii baxımdan gözəl işlənib, amma dramaturji həll yoxdur. “Vətən müharibəsi” zamanı son döyüşə yollanacağını bilən gənc əsgərlər özçəkim edirdilər ha, 20-30 saniyəlik videolar, o kadrlara baxın, adamın tükləri biz-biz olur.  Qəhərlənmədən  baxmaq olmur. Amma barmaq qalınlıqda kitab gətirirlər, şüarçılıqdır, pafosdur, o səmimiyyət, o həyatilik yoxdur.

-Şair Emin Piri müharibədən qayıdandan sonra status yazmışdı ki: “Qapıdan çıxanda anam başıma xına çəkdi...”

-Bax, bu cür epizodlar yoxdur bizə gətirilən əsərlərdə. Həmişə deyirəm ki, 44 gündə Azərbaycan oğlanları qızların özlərinə qarşı olan inamını artırdılar. O vaxtadək sanki bir az gözükölgəli idilər... Tale Ulusoy var, qazidir, müharibədən əvvəl də  döyüş mövzulu qısa filmlər çəkirdi. Taxtadan silah düzəldir, rəngləyir,  öz bacarığı, öz büdcəsi hesabına ortaya nəsə çıxarırdı. Müharibə başlayan kimi getdi, odun-alovun içindən keçib gəldi. İndi onun həyata baxışı dəyişib. Bu yaxında bir film ssenarisi gətirib. İlahi, necə də həyati mövzu idi! Dedim, ürəkli ol, bu filmin ərsəyə gəlməsində nə kömək lazımdırsa, göstərəcəyəm.

 

            ***

O gözəl, nağılvari, yox-yox, nağıllarda sonda hamının murada yetməsi şərtdir, romanvari iyirmili yaşlardan qalan teatrlı xatirələr...Və hər şənbə teatrdan gələn qonağın qarşısında susub bütün sualları ürəyində səsləndirən qız... O qızı özümə “yol yoldaşı” edib çıxıram Şəki Dövlət Dram Teatrının pillələrini bircə-bircə... İllərin o üzündən aparıcının  televiziya izləyicilərinə “deməsi” üçün yazdığım cümlələrdən bir ovucu ləpələnir: “Tələsə-tələsə qaçırıq, bir gün həyat səhnəsində istədiyimiz insanla tərəf müqabili olaq deyə. Amma yolumuzun sonunda nələrin gözlədiyini bilmiriksə, o zaman qaçmağa, tələsməyə də dəyməz. Sadəcə, cavab axtardığımız sualların qoynunda həyat yoluna davam edirik. Yaşadığımız müddətcə biz kifayət qədər dərin suallar veririk və cavabını səbirsizliklə gözləyirik. Cavabları aldığımız zaman  tükənirik. Odur ki, suallar bir az da cavabsız qalsın, bir az da dünya gözəl görünsün, maraqlı olsun”.

 

 

“Ədəbiyyat və incəsənət”

 

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.