Füzuli Sabiroğlu, “Ədəbiyyat və incəsənət” üçün
Ssenari müəllifi olduğum "Sarı gəlinin sorağında" sənədli filmi Türk Dünyası 9. Belgesel film festivalında Türk Dövlət Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görülüb.
Mükafat ötən gün keçirilən təntənəli mükafatlandırma gecəsində filmin rejissoru Mübariz Nağıyevə təqdim olunub.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.
Filmdə Hikmət Babaoğlunun "Akdamardan Sarı gəlinədək" əsəri əsasında qurulmuş bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.
Çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılmış filmin ssenari müəllifi qeyd etdiyim kimi mən, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevdir.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)