Fevralın 7-də Moskvada Azərbaycan kinosunun retrospektivi açılacaq Featured

Tamaşaçılara ümumilikdə 19 film təqdim olunacaq

 

Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərin və janrların 19 filmindən ibarət miqyaslı retrospektivi fevralın 7-də Moskvada rejissor Fariz Əhmədovun "Sonuncu" (2021) sənədli filminin nümayişi ilə "İllüzion” kinoteatrında açılacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir. Azərbaycan kinosunun petrospektivi barədə bazar ertəsi kinoteatrın mətbuat xidmətindən məlumat yayılıb.

 

"Azərbaycan və Rusiyanın tarixi əlaqələri yüz ildən çoxdur və ölkələrimiz mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edirlər. Ötən ilin sonunda Azərbaycan paytaxtında Rusiya Film Festivalı keçirilib, bu günlərdə isə "İllüzion" kinoteatrında Azərbaycan kinosunun irimiqyaslı retrospektivi olacaq - əminik ki, çoxsaylı kino həvəskarlarının böyük marağına səbəb olacaq hadisə başlayıb", - deyə proqramın kuratoru, rejissor və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənovdan mətbuat xidməti sitat gətirib.

Təqdimat proqramına ilk azərbaycanlı qadın rejissor Həmər Salamzadənin və Aleksandr Popovun "Coşqun Vətən" (1937) məktəb komediyası, Boris Barnetin "Mavi dənizin sahilində" lirik kinopoeması (1936), Tofiq Tağızadənin "Uzaq sahillərdə" (1958) casus trilleri, İsmayıl Səfərəlinin "Balıqçı qızı" (2019) pritçası və başqaları daxildir. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunacaq. 

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində biz nəinki Dövlət Film Fondunda saxlanılan sovet dövrünün filmlərini, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan "yeni dalğa kinosu"nun ən yaxşı nümunələrini göstərəcəyik. Filmlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivindən 35 mm-lik plyonka ilə nümayiş olunacaq, rəqəmsal surətləri isə bizə lütfkarlıqla Azərbaycan Dövlət Film Fondu təqdim edib. Bu filmləri böyük ekranda görmək praktiki olaraq mümkün deyil",- deyə proqramın həmkuratoru və "İllüzion"un art-direktoru Aleksandra Lavrova qeyd edib.

Açılışda Xəzər dənizində Kür adasının sonuncu sakini Vitali Pronindən bəhs edən "Sonuncu" sənədli filmi nümayiş etdiriləcək. Bu filmin premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutub.

Nümayişlər Kinoşünaslar və kinotənqidçilərin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq. Proqram fevralın 15-dək davam edəcək.

Moskvalıların, eləcə də Rusiya paytaxtında yaşayan həmyerlilərimizin retrospektivə böyük maraq göstərəcəklərinə inam böyükdür.

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.