Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalı, Beyləqan təmsilçisi
Beyləqanda Respublikanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramovla görüş keçirilib.
Oktyabrın 16-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsəd Rzayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, şairlər, yazıçılar, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Sözün rəngi cilvələnir səsində!” adlı tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığına dair videoçarx təqdim olunub.
Daha sonra Ağalar Bayramov səhnəyə çıxaraq tədbir iştirakçılarını salamlayıb. Şəhidlərimizin əziz xatirəsi anıldıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səhnəyə dəvət olunub. İcra başçısı rayonumuzun qonaqlarını və tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə, eləcə də Beyləqanda mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri, Ağalar Bayramovun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb və bədii-qiraətçiyə yaradıcılığında uğurlar arzulayıb.
Rayon rəhbəri daha sonra Ağalar Bayramova Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyəsini təqdim edib.
Ağalar Bayramov görüşün təşkilində əməyi keçən və onun yaradıcılığına yüksək dəyər verən hər kəsə öz minnətdarlığını bildirdi, tədbir iştirakçıları qarşısında çıxış edərək tanınmış şairlərin şeirlərini əzəmətli səsi ilə ifa etdi.
Usta qiraətçinin, xüsusilə şəhid ailələrinə ithafən səsləndirdiyi şeirlər tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb.
Tədbirdə Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək yaradıcılığının kamillik dövrünü yaşayan bədii-qiraətçiyə uğurlar arzulayıblar.
Beyləqanlı şair Gileyli Bəylər tərəfindən bədii poeziya nümunələrinin səsləndirilməsı, xanəndə Zahid Quliyevin ifası, rayon Mədəniyyət nümayəndələrinin, xüsusilə də tanınmış mədəniyyət işçisi Nazim Çıraqovun çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)