“Səhnəmizin balaca ulduzları” nümayiş olunub Featured

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

​Son dönəmdə istər valideynlər, istərsə də müəllimlər uşaqların  teatrdan uzaq düşməsi ilə bağlı narahatlıqlarını dilə gətirirlər.  Problemin həlli bu iki suala cavab tapılmasındadır: “Uşaqların teatrdan uzaq düşməsi kimin günahıdır?”, “Uşaqları teatra qaytarmaq üçün hansı tədbirlər görülür?”  Birinci sualın cavabını pedaqoqlar, uşaq psixoloqları axtarıb-tapmalıdırlar. Amma  ikinci sual hamımıza ünvanlanıb...

​04 oktyabr 2024-cü ildə Qəbələ rayon  Mədəniyyət Mərkəzində “Səhnəmizin balaca ulduzları” adlı tamaşanın nümayiş olunmasının məqsədlərindən biri də  məhz uşaqların teatra marağının artırılması idi. Tamaşa Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına Qəbələ Xalq Teatrının dram dərnəyinin üzvləri və Qəbələ  rayon 1 saylı klub tərəfindən  hazırlanıb. Xalq Teatrının inkişafına təkan vermək, gənc aktyorları teatrın səhnəsinə cəlb etmək də  “Səhnəmizin balaca ulduzları”nın məqsədlərindən idi.

Gənclərin Molla Nəsrəddin lətifələrinin motivləri əsasında, həmçinin, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndən “Kərpickəsən kişinin dastanı” şeirinin əsasında  hazırladığı səhnəciklər tamaşaçıların marağına səbəb olub. Tamaşanın təşkilatçısı, dram dərnəyinin rəhbəri Nihad Cəlilzadə teatrın inkişafında gənc aktyorların müstəsna rolundan danışarkən xüsusi vurğulayıb ki, uşaqları teatra cəlb etməyin ən gözəl yolu onlar üçün maraqlı tamaşalar hazırlamaqdır.

Tamaşanın sonunda İ.B.Qutqaşınlı adına Qəbələ Xalq teatrının rejissor, aktyor heyəti gənc aktyorları təbrik edib, onlara  irad və məsləhətlərini bildiriblər. Daha sonra iştirakçılar Qəbələ rayon Mədəniyyət Mərkəzi adından Fəxri Fərmanla təltif olunublar.

 

 “Ədəbiyyat və incəsənət”

(05.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.