Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Ustad aktyorumuzun ən böyük arzusu yenidən qurulan Ağdam şəhərində doğma Ağdam Dövlət Dram Teatrında vətənin bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarınının həyatından bəhs edən əsərə quruluş vermək və orada bir qəhrəmanın obrazını canlandırmaqdır.
Həsənov Kərim (Xançoban) Abbas oğlu 1967-ci noyabrın 19-da Bərdə şəhərində anadan olubdur. Bərdə şəhər 4 saylı tam orta məktəbi 1986-cı ildə bitirib, 1986-1988-ci illərdə hərbi xidmətdə olubdur. 1988-1990-ci illər Bərdə şəhər xalq teatrında aktyor kimi fəaliyyətə başlayıbdır. 1990-ci ildən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında aktyor truppasına daxil olubdur. 1991-1995-ci illərdə Azərbaycan İncəsənət və Mədəniyyət Universitetinin dram, teatr və kino aktyorluğu fakültəsində Həsənağa Turabovdan, Mikayıl Mirzədən, Kamal Xudaverdiyevdən və digər görkəmli sənətkarlarımızdan sənətin sirlərini öyrənibdir. 1991-ci ildə Moskvada qastrol səfərində ilk tamaşa ilə çıxış edərək Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tamaşasında Zaur rolunu oynayıbdır. 1991-ci ildən 1994-cü ilə kimi cəbhənin müxtəlif istiqamətlərində orduya mənəvi və psixoloji dəstək üçün truppa ilə birlikdə hərbi hissələrdə tamaşalar nümayiş etdiribdir. Məlum səbəblərdən Ağdam Dövlət Dram teatrı ilə birlikdə Kərim Həsənov da 1993-cü ildən 2007-ci ilə kimi Bərdə Mədəniyyət evində fəaliyyət göstərmişdir. Azərbaycanın həssas bir dövrünə olan bu dövrdə əlamətdar günlərdə teatr truppası ilə birlikdə müxtəlif bölgələrdə yerləşən hərbi hissələrdə və qaçqın şəhərçiklərində tamaşalarda iştirak etmiş, insanlara mənəvi dayaq olmağa çalışmışdır.
2003-cü ildə Ümumrespublika Mono teatr müsabiqəsində M.F.Axundzadənin “Hacı Qara” tamaşasının rejissoru və Hacı Qara obrazının ifaçısı kimi mükafata layiq görülübdür. Bundan sonra həmin il Moskvada yerləşən Nəsibə Zeynalov adına Teatra dəvət olunub, həmin dövrdə orada M.F.Axundzadənin “Hekayəti-İbrahimxəlil kimyagər…” əsərinin əsasında səhnəyə qoyulan tamaşada İbrahimxəlil kimyagər obrazını canlandırıbdır.
Ağdam Dövlət Dram teatrının çətin dövlərində müxtəlif teatrlardan təklif alsa da, bu sənət məbədini, doğma məkanı qoyub getməyibdir.
Kərim Həsənov həm də 2004-cü ildən 2016-cı ilə kmi ANS kanalında yayımlanan “Qulp” verilişində Kərim Xançoban adı ilə oynadığı satirik rollarla tamaşaçıların sevgisini qazanıbdır. 2007-ci ildən teatr Ağdam rayon Quzanlı qəsəbəsinə köçürüldükdən sonra Kərim Həsənov aktyorluq fəaliyyəti ilə yanaşı, rejissor kmi də fəaliyyət göstərmişdir, 2020-ci ildən isə teatrın baş rejissoru kimi əsərləri tamaşaya hazırlayır. 2017-2018-ci illərdə Mingəçevir Dövlət Dram teatrında Sahib İbrahimlinin “Sadığın toyu” və “Cənnət və Cəhənnəm” tamaşalarının quruluşçu rejissoru olmuşdur. 2021-ci ildə Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanmış tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatına layiq görülübdür. Vətən müharibəsindən sonra da qələbəyə öz töhfəsini verən Kərim Həsənovun Nadir Qədimlinin “Şuşadan gələn səs” və Sahib İbrahimlinin “Azad Şuşa” əsərləri əsasında hazırladığı tamaşalar da böyük rəğbətlə qarşılanıbdır.
2022-ci ildə Avrasiya Teatrlar İttifaqının təşkil etdyi Böyük Ankara Teatr Festivalında Kərim Həsənovun quruluş verdiyi Əziz Nesinin “Tənha qadınlar” əsəri əsasında hazırlanmış tamaşa mükafatına layiq görülübdür. Bunu da qeyd edək ki, 100 illlik tarixində Ağdam Dövlət Dram Teatrı ilk dəfə bu əsərlə Avropa səhnəsinə çıxıbdır.
2022-ci ildə növbəti uğur Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatrlar İttifaqının birgə layihəsi olan “Milli klassika” teatr festivalında gəlib, quruluş verdiyi N.Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” komediyası əsasında hazırlan tamaşada yaratdığı Ağa Kərim xan obrazına görə milli klassikanın ən yaxşı aktyoru mükafatına layiq görülübdür.
Kərim Həsənov milli teatr inkişafındakı xidmətlərinə görə, səhnə fəaliyyətinin 35 illiyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanına layiq görülübdür.
Bu illər ərzində Kərim Həsənovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətlədirilərək, xüsus Fəxri Fərmanla qiymətləndilib. Bununla yanaşı, aktoyrun özünün də dediyi kimi, onun sənətinə verilən ən yüksək mükafat Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamının ona da şamil edilməsi olubdur.
Baş rejissor kimi 4 illik fəalliyyəti dövründə Kərim Həsənov, əsasən, rayonun teatra və sənhəyə marağı olan istedadlı gənclərinin teatra cəlb olunmasına çalışıb və nəticədə yetişən gənc akyorların oynadıqları obrazlar rayon ictimaiyyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilibdir. 35 illik Fəaliyyəti dövründə Kərim Həsənov səhnədə yaratdığ Hacı Qara, Ağakərim xan Ərdəbilli, Dərviş Məstəli şah, Qurbanəli bəy, Lənkəran xanı və digər yüzdən artıq obrazla tamaşaçıların sevigisini və rəğbətini qazanmışdır. Həmçinin rejissor kimi səhnəyə qoyduğu “Milyonçunun dilənçi oğlu”, “Durna”, Ağa Kərimxan Ərdəbilli”, “Tənha qadınlar” və başqa tamaşalar Ağdam Dövlət Dram Teatrını repertuarını zənginləşdirmişdir.
Qayıdaq yenə də onun ən böyük arzusuna. Lap əvvəldə dedik axı, ustad aktyorumuzun ən böyük arzusu yenidən qurulan Ağdam şəhərindəki doğma Ağdam Dövlət Dram Teatrında vətənin bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarınının həyatından bəhs edən əsərə quruluş vermək və orada bir qəhrəmanın obrazını canlandırmaqdır. Arzusuna lap tezliklə çatacağı əsla şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(12.09.2024)